Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Mətbuatda Təhsil Nazirliyinə istinadən "Azərbaycanda müəllimlərin kütləvi ixtisarı başlayır" xəbərləri yayılandan sonra artıq bir çox müəllimlər narahatlıq içərisindədirlər. "Yeniavaz.com" saytı xəbər verir ki, sosial şəbəkələrdə, saytlarda da bu mövzu geniş müzakirə olunur. İddialar var ki, artıq bir çox rayonlarda təhsil şöbələrinin rəhbərləri bu məlumatlardan müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Mətbuat üzərindən Təhsil Nazirliyi rəsmilərinin bu cür məlumatlar yaymasını isə təhsil ekspertləri birmənalı qarşılamırlar.

Tanınmış təhsil eksperti Nadir İsrafilov dünən bildirmişdi ki, məntiqsiz açıqlamalardan yerli təhsil idarəetmə orqanları təzyiq kimi istifadə edirlər: "Açığını geyim ki, bu kimi "bəyanatları" oxumaqdan artıq gözümüz tor salıb. Yəni, bu şərəfli və müqəddəs peşə sahibi hesab etdiyimiz müəllimi diaqnostik qiymətləndirmə adı ilə nə vaxta qədər hallandırmaq, aşağılamaq, heysiyyatı ilə oynamaq, təhdid etmək yolu ilə əsəb və gərginlikdə saxlamaq olar? Məgər müəllimdən başqa digər peşə sahibləri yoxdur? Və ya saxta diplom əldə edilməsində "günah keçisi" təkcə müəllimdir? Axı, bu bəyanatları valideyndən tutmuş şagirdə qədər hamı oxuyur. Müəllimə qarşı onsuz da itirilmiş inam və etibarı təkrar-təkrar qabartmaq və üzə vurmaqla görəsən, nəyə nail oluruq? Nəyə görə qurunun oduna yaş da yanmalıdır?".

Nadir İsrafilov bu gün də bu mövzuya münasibət bildirib: "Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək. "Attestasiyanın keçirilməsi təhsil sisteminin inkişafı üçün labüd haldır. Müəllimlərin bilikləri, nailiyyətləri, təhsil müəssisələrinin nəticələrinə və digər meyarlara görə differensiallaşdırılmış əməkhaqqı tətbiq olunacaq. Attestasiyada müvafiq balı keçə bilməyən müəllimlər ixtisasartırma kurslarına gedə bilərlər". Bunu bir müddət əvvəl təhsil naziri Mikayıl Cabbarov "Təhsil Tv"-nin "Media ilə üz-üzə" verilişinə müsahibəsində deyib.

Nazirin bu konkret və birmənalı şərhindən sonra "Diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlər "ixtisar ediləcək", "işdən qovulacaq", bu kateqoriyadan olan müəllimlərin "dərs yükü minimuma endiriləcək" və s. bu kimi hədə-qorxu xarakterli bəyanatları və açıqlamaları heç cür başa düşmək olmur. Razılaşaq ki, aşağı nəticə göstərən müəllimlər təhsil müəssisəsindən uzaqlaşdırılmalıdır. Elə isə, təkcə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə əvvəlki illərdən iki dəfə çox - 6000-ə yaxın təqdim ediləcək boş vakant yerləri kim dolduracaq? Və ya bütün bu məsələlər diaqnostik qiymətləndirmə prosesində həll ediləcəkdisə, onda təkrar olaraq attestasiya keçirilməsinə nə ehtiyac var?".

DİGƏR XƏBƏRLƏR

Top