Futbolla sevgi etirafı

Bəli mən. Mən özümü hal-hazırda oyuna əlavə olunmuş dəqiqələrdən sonra təyin olunan penaltilər seriyasının sonuncu penaltisini vura bilməyən oyunçu kimi hiss edirəm. Səbəb? Səbəbi də sənsən…

Hər şey səni ilk dəfə görəndən sonra başladı. İlk görüşdə sevgi. Buna “ilk dəqiqədə qol da” deyə bilərsən. Sanki gözlərinin mavisi AVRO-2004-dəki Yunanıstan millisidir. Hansı taktikalardan istifadə etdimsə də o mavi gözlərə girə bilmədim. Amma hələ də ümidliyəm. Eynən AVRO-2008-də Türkiyə yığması kimi. Son dəqiqələrimə kimi...

Qəlbinə yol tapmaq gözlərinə girməkdən də çətindir. Hər oyuna fərqli bir taktika ilə çıxırsan. Bir saniyədən sonra edəcəyin hər hansı bir qeyri-adi hərəkəti təxmin edə bilmirəm. La Liqada top qovan müdafiəçilər Messidən bu qədər çəkmədi ki, mən səndən çəkirəm. Amma bezirəmmi? Əlbəttə yox...

Bülənt Qorxmazın 2000-ci il UEFA kubokunun finalında bir əli sarğıda, tək əllə oynamasını yadıma salıb, sevgisinə həsəd aparıram. Məhz buna görə səndən gələn hər şey xoşdu. Amma qəlbinə yol tapa bilmirəm. Hərçənd ki, bu qəlb dəmir boltlarla bərkidilib. Yəni kotenaççodur… Bu kotenaççonu dağıdan İspan xarizmasının olduğunu da düşün məncə. AVRO-2012-nin finalını xatırla və mənə ümidlə gülümsə…

Gülümsə. Gülümsə ki, qəlimdə ümidlər cücərsin. Səni gözləyirəm. 10 yaşlı Əlinin sentyabr ayının ortasında saat 23:45-i gözlədiyi kimi. Səni gözləyirəm. Anasına bazardan mənə forma al deyib və anasının dönməsini gözləyən Nicat kimi. Səni gözləyirəm. İlk dəfə atası ilə axşam stadiondan futbola baxmağa getməyə tələsən balaca İsmayıl kimi.
Gəlməyini, gəlib də iki kəlmə xoş söz deyəcəyini gözləyirəm. Lakin, gəlib də mənim qəlbimi qırma. Qutman lənətinin nə olduğunu yaxşı bilirəm. “Benfika” kimi məni sonadək arxanca süründürüb sonra “Xəzər-Lənkəran”ın gününə salma.

Sanki, bütün həyatım iki dodağından çıxan sözlərdən asılıdır. Belkə heç dopinq testi verənlər belə heyəcanla cavab gözləmir. Nə olar ki, 1992-ci ildə UEFA-nın Danimarkaya verdiyi şansı mənə sən versən. Nə olardı ki, Prosineçkini Əfrana etimad etdiyi kimi sən də mənə etimad etsən. Nə olardı kı, uzun müddət Buffonun qapısını qoruduğu kimi səni qorusam…

Nə mən Azərbaycan millisiyəm, nə də sən Fransa, Polşa, Serbiya və b. millilər.
Bu qədər acımasız, qəddar olmağına səbəb yoxdu…

Başda da dedyimin kimi, ya gəl məni Popescu et, ya da Baggio kimi qalım.

Əcəmi Əsədullayev

DİGƏR XƏBƏRLƏR

Top