Rəşad Əhmədzadə aktyora böyrəyini vermək istəyib

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru Rəhim Rəhimov milli teatr məkanında ən uğurlu tamaşalarından biri - "Zəng" monotamaşası ilə yenidən səhnəyə çıxıb. Teatrın baş rejissoru Qurban Məsimovun ssenarisini yazıb quruluş verdiyi "Zəng" tamaşası ömrünün ahıl çağında həyat yoldaşını itirmiş, övladlarından ayrı yaşayan Qocanın həyat hekayətidir. Bir suyu məşhur "Əsgər atası" filminin qəhrəmanı Georgi Maxaraşviliyə çəkən bu Qoca da müharibə veteranıdır. Amma indi onu nə şərəflə, orden-medalla çıxdığı savaşların qələbə ruhlu xatirəsi yaşatmağa qabildir, nə əziz xanımı ilə birgə keçirdiyi günlərin şirinliyini yada salması. Onu sevindirə biləcək bir zəng lazımdır. Qocanın öləzimiş həyat eşqini diksindirib oyadacaq bir zəng! Daha sonra nələr baş verir? Bu suala həmin tamaşaya baxmaqla cavab tapmağınız məsləhətdir.

Onu da qeyd edək ki, Rəhim Rəhimov bu tamaşanı xoş sonluqla bitən uğurlu əməliyyatdan sonra oynayıb. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkin aktyor yanvarın 11-də Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub. Tamaşadan sonra verdiyi açıqlamasında o, beş aylıq fasilədən sonra səhnəyə çıxdığını vurğulayıb. O həmçinin deyib: "Bahalı əməliyyatımda mənə kömək olan Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə, bütün teatrların kollektivinə xüsusilə Kukla Teatrının kollektivinə təşəkkür edirəm". Aktyorun sözlərinə görə, hətta A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ona böyrəyini vermək istəyib: "O, donor olmaq üçün xəstəxanaya gəlib. Amma uyğunluq olmadığına görə Rəşad müəllimin bu istəyi alınmayıb". Qeyd edək ki, uzun müddət böyrək çatızmazlığından əziyyət çəkən aktyor Rəhim Rəhimova donorluğu qardaşının həyat yoldaşı edib.

Məlumat üçün bildirək ki, Rəhim Məmmədhüseyn oğlu Rəhimov 24 may 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru fakultəsinə qəbul olub. 2001-ci ildə həmin universitetin teatrşünas ixtisası üzrə magistraturasını bitirib.1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır.

DİGƏR XƏBƏRLƏR

Top