Şəmsiyyə xanımın "Biz"i

Bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamlar arasında karikatura janrını yaşadan və inkişaf etdirən gənc rəssamlar çoxdur. Onlardan biri də hazırda Naxçıvan Dövlət Universitetində çalışan Şəmsiyyə Zalovadır. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyin üzvü, gənc rəssam Şəmsiyyə Zalovanın "Biz" adlı karikatura-şarj janrında fərdi yaradıcılıq sərgisi açılıb. Sərgidə rəssamın 58 işi yer alıb. Bəri başdan qeyd edək ki, Şəmsiyyə Zalova gənc olmasına baxmayaraq bu sahədə artıq öz sözünü deyib. Belə ki, bu, rəssamın ikinci sərgisidir və hesabat xarakteri daşıyır. Maraq doğuran şarjlar arasında Albert Eynşteyn və Kamal Sunalın da portretləri olub. Rəssam əsərlərində bir sıra ictimai mövzulara da toxunub. O həmçinin mənfur qonşularımız ermənilərin iç üzünü də rəssam təxəyyülü ilə təsvir edib.

Sərgi ilə bağlı fikirlərini bölüşən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva deyib ki, muxtar respublikada təsviri incəsənətin inkişafına təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirilir, gənc rəssamların istedadlarının üzə çıxarılması, digər tanınmış rəssam və yaradıcı insanlarla əlaqələrinin yaradılması və möhkəmlənməsi təmin edilir. O daha sonra bildirib: "Karikaturada konkret mesaj olmalı və o mesaj karikaturaya baxan adama çatmalıdır. Rəssam öz əsərlərində bu işin öhdəsindən məharətlə gələ bilib. Şəmsiyyə Zalovanın yaradıcılığında karikaturanın bir növü olan şarj da geniş yer tutur. Bu janrda insan obrazları satirik və yumoristik təsvirlərlə verilir. Rəssam bu əsərlərində obrazların zahiri oxşarlığını saxlamaqla onların ən səciyyəvi, qabarıq duyulan əlamətlərini xüsusi olaraq qabartmağa, bədii obraza çevirməyi bacarıb. Bu baxımdan Şəmsiyyə Zalovanın işləri xüsusilə diqqətçəkəndir. Əminliklə demək olar ki, gənc karikaturaçı rəssam gələcəkdə daha böyük uğurlar əldə edəcək".

Gənc rəssam Şəmsiyyə Zalovanin sözlərinə görə, 6-cı sinifdən bu rəssamlığa məşğul olmağa başlayıb: "Rəssamlığa böyük həvəsim olub. Təbii ki, bu sahənin incəliklərini öyrənmək məqsədi ilə çox zəhmətlərə qatlaşmışam. Bu gün artıq onun bəhrəsini görürəm. Sərgimə bu qədər maraq göstərildiyinə, ünvanıma deyilən xoş sözlərə görə çox sevincliyəm".

Yeri gəlmişkən, onu da qeyd edək ki, Şəmsiyyə xanım müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak edib,diplom və mükafatlara layiq görülüb. Şəmsiyyə Zalovanın yaradıcılığında həmçinin qrafika və rəngkarlığın mənzərə, portret, tematik şəkil, natürmort janrları da yer alır. Rəssamın bundan əvvəl 2010 və 2016-cı illərdə də fərdi sərgiləri təşkil olunub.

DİGƏR XƏBƏRLƏR

Top