Dünyada ilk: 3D-printerdə çap edilmiş raket buraxıldı

ABŞ-ın “Rocket Lab” şirkəti özünün “Electron” adlı superyüngül raketini fəzaya buraxıb. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, raketin buraxılışı dünyada bir neçə göstərici baxımdan ilk olub. Birincisi, “Electron” 3D-printerdə çap edilmiş ilk raketdir. Bundan başqa, raket ilk dəfə olaraq Yeni Zelandiyada özəl kosmodromdan buraxılıb. Hələlik raketi orbitə çıxarmaq mümkün olmayıb, lakin “Rocket Lab” şirkəti cari il daha bir neçə raket buraxılışını həyata keçirməyi planlaşdırır. 3D-printerdən istifadə raket istehsalının dəyərini əhəmiyyətli dərəcədə ucuzlaşdırmağa kömək edə bilər. “Electron”un buraxılışı 5 milyon dollara başa gəlir ki, bu da raketlərin ənənəvi qiymətindən ucuzdur. Kosmosa buraxılmış raketin uzunluğu 17 metr, diametri isə 1,2 metrdir. O, orbitə çəkisi 225 kiloqramadək olan yükü çatdıra bilər. “Electron” raketi karbon liflərdən düzəldilib, onun hazırlanmasında elektrik mühərrikdən istifadə edilib. Bununla da Yeni Zelandiya öz ərazisindən peyk buraxa bilən sayca 11-ci ölkə oldu.

DİGƏR XƏBƏRLƏR

Top