Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ANALİZ

Ermənilərin Xocalı aeroportu təxribatı davam edir

25.05.2017 19:12

Müəyyən fasilədən sonra Ermənistan işğal edilmiş Xocalı hava limanından istifadə məsələsini yenidən gündəmə gətirib. Belə ki, erməni mətbuatının yaydığı məlumata görə, “Yell Extreme Park” layihəsi çərçivəsində Ermənistan Xocalı hava limanından uçuşlar həyata keçirmək niyyətindədir. Təbii ki, Xocalı hava limanından uçuşlar başladılması Azərbaycan üçün arzu edilən deyil və bu, Ermənistan tərəfindən gündəmə gətirilən növbəti təxribatı xatırladır. Hələ 4 il əvvəl Ermənistan Xocalı hava limanından istifadə məsələsini gündəmə gətirərək Yerevandan oraya hava uçuşları təşkil etmək istəyirdi. Hətta o vaxt Ermənistan prezidenti Serj Sarkisyan özünəməxsus "cəsarətlə" bəyan etmişdi ki, Yerevandan Xocalıya uçan təyyarənin ilk sərnişini olacaq. Lakin Azərbaycanın məsələ ilə bağlı öz mövqeyini sərt şəkildə ortaya qoymasından və hava məkanını pozan təyyarəni vuracağını bəyan etməsindən sonra Sarkisyan Yerevandan Xocalıya uçan təyyarənin sərnişini olmaq arzusundan biabırcasına əl çəkməli oldu. Hər halda Xocalı hava limanının Beynəlxalq Mülki Aviasiya təşkilatının xüsusi kodu ilə Azərbaycana aid olduğu təsdiq edilib. Ona görə də həmin ərazidən istifadə edəcək istənilən təyyarəni vurmaq hüququnu Azərbaycan özündə saxlayır. Aydın məsələdir ki, belə bir vəziyyətdə ermənilərin Xocalı hava limanından istifadə məsələsini yenidən gündəmə gətirməsi qarşı tərəfin bölgədəki vəziyyəti yenidən gərginləşdirmək cəhdindən başqa bir şey deyil. Təsadüfi deyil ki, məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Ermənistanın Xocalı hava limanından istifadə etmək cəhdini qarşı tərəfin növbəti təxribatı adlandırıb. O xatırladıb ki, Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib və bu, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.

Belə bir vəziyyətdə Ermənistanın Xocalı hava limanı təxribatına baş vurması şübhəsiz ki, bölgədə əmələ gələn son vəziyyətlə bağlıdır. Belə ki, mayın15-də qoşunların təmas xəttində Azərbaycanın Ermənistana məxsus "Osa" zenit-raket kompleksini məhv etməsindən sonra ATƏT Minsk Qrupu həmsədrlərinin işğalçını dəstəkləyən bəyanat verməsi və ölkəmizi atəşkəsi pozmaqda günahlandırması şübhəsiz erməniləri yeni təxribatlara şirnikləndirib. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq, millət vəkili Fəzail İbrahimli "Yeniavaz.com"a verdiyi açıqlamasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bu günə kimi təcavüzkar dövlətə qarşı hər hansı addım atılmadığını və bu amillərin də qarşı tərəfin daha da həyasızlaşmasına gətirib çıxardığını söylədi: "Ermənistanın Xocalı hava limanından istifadə etmə cəhdləri və Azərbaycana qarşı təxribatlara ara verməməsinin arxasında işğalçını dəstəkləyən iri dövlətlər dayanır. Bu, heç kəsə sirr deyil. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT tərəfindən 4 qətnamə qəbul edilib. Ancaq Ermənistandan bu qətnamələrin yerinə yetirilməsi sərt şəkildə tələb edilməyib. Çünki iri dövlətlər işğalçı və təcavüzkar dövləti dəstəkləməkdə davam edirlər. Bunu ört-basdır etmək üçün münaqişənin həllinə heç bir köməyi dəyməyən və bölgədəki status-kvonu qoruyub saxlamağa xidmət edən qondarma ATƏT Minsk Qrupu yaradılıb. Ondan isə ümumiyyətlə danışmağa dəyməz. Çünki bu qurum nəinki münaqişənin həllinə mane olur, eyni zamanda işğalçı Ermənistanı açıq şəkildə dəstəkləmək yolu tutub. Bunu biz bir müddət əvvəl Azərbaycan ordusunun işğal olunmuş torpaqlarımızdakı düşmənin zenit-raket komplekslərini məhv etməsi ilə bağlı həmsədrlərin verdiyi ermənipərəst bəyanatında da bir daha aydın gördük. Bütün bunlar isə Ermənistanı Xocalı hava limanından istifadə emk üçün yeni təxribatlara əl atmağa şirnikləndirib".

Fəzail İbrahimlinin fikrincə nə qədər ki, iri dövlətlər təcavüzkar Ermənistanı dəstəkləməkdə davam edəcəklər, o qədər də münaqişənin həlli mümkün olmayacaq: "Əlbəttə, Azərbaycan kimlərinsə işğalçı Ermənistanı dəstəkləməsindən asılı olmayaraq öz ərazi bütövlüyünü bərpa edəcək və buna bizim gücümüz çatır. Sadəcə olaraq bunun üçün zamana ehtiyac var".

Əziz Mustafa

Oxundu 311

© 2017 - NSPSOLUTIONS