Əli Abbasova vəzifə verilməsi necə qarşılanır? - MÜNASİBƏTLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın müşaviri təyin olunub.

Məlumat üçün bildirək ki, Əli Abbasov 2004-2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Onun işdən çıxarılmasının səbəbi nazirlikdə korrupsiya və mənimsəmə faktlarının aşkarlanmasıdır.

Əli Abbasovun AMEA-nın müşaviri təyin edilməsi maraqla qarşılanıb. "Yeniavaz.com" saytı olaraq bu təyinata ictimai fəal şəxslərin, o cümlədən jurnalistlərin münasibətini öyrənməyə çalışdıq. Bir çoxları bu mövzuya münasibət bildirmək istəmədilər. Sualımızı cavablandıran şəxslərin mövqeyini təqdim edirik.

"Əli Abbasov nümunəvi məmurlardan sayılırdı"

Jurnalist Elşad Paşasoyun sualımıza cavabı belə oldu: "Düzü, mən kriminal sahənin yazarı olmadığım üçün nə ibtidai istintaqı, nə də məhkəmə prosesini yaxından izləməmişəm. Ona görə də konkret nəsə deməyə çətinlik çəkirəm. Amma bir məsələnı xatırlatmaq istəyirəm ki, nazir olduğu zamanlarda Əli Abbasov nümunəvi məmurlardan sayılırdı. Mətbuata açıq olması da təqdir olunurdu. Bu mənada onun rəhbərlik etdiyi nazirlik ətrafında baş verənlər daha çox şok efffekti verdi, nəinki onun AMEA-dakı təyinatı. Biz gerçəklərə sonadək vaqif olmadığımız üçün bu təyinat barədə nəsə mühakimə yürüdə bilmərik. Şübhə yox ki, burada ölkə rəhbərliyinin iradəsi öz sözünü deyib".

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı sualımıza isə E. Paşasoyun cavabı belə oldu: "Hələ ki, keçmiş MTN-çilərlə bağlı araşdırmalar, məhkəmə istintaqı davam edir və sonda veriləcək qərarı gözləmək lazımdır".

"Onun bir qurban olduğu heç kimə sirr deyil"

Jurnalist Həbibə Abdulla deyir ki, Əli Abbasova verilən yeni vəzifə elə də mühüm deyil: "Əli Abbasov nazir olanda mən həmişə jurnalist sorğularında onu ən yaxşı nazirlərdən biri kimi qeyd etmişəm. Bir insan kimi də hər zaman müsbət təəssürat yaradıb adamda. Onun bir qurban olduğu heç kimə sirr deyil. Qurbanları isə mühakimə etmirlər. Eldar Mahmudov bu gün nə qədər "xortdan" obrazında olsa da, cəmi iki il əvvəl ölkədə qılıncının dalı da, qabağı da kəsən əsas məmurlardan biri idi. Təsəvvür edin ki, MTN-də hansısa şöbə müdirinin katibəsinin qohumu, tanışı olmaq belə böyük imtiyazlara sahib olmaq demək idi. Bütün bunlar sirr deyil və Əli Abbasovun da axına qarşı üzmək gücündə olmadığını hamımız yaxşı bilirik. Keçmiş nazirə verilən yeni vəzifə elə də mühüm deyil, hansısa qərarların verilməsi, ölkə miqyaslı hansısa addımların atılması istiqamətində xüsusi təsir gücü olmayan bir vəzifədir. Üstəlik, bizim yaşadığımız ölkənin reallıqları var və mən artıq 18 ildir bu reallıqları çılpaqlığı ilə müşahidə edə-edə gəlirəm, o baxımdan normal qalşıladım onun yeni vəzifəyə təyinatını. Eldar Mahmudova gəlincə, onun yenidən hansısa vəzifəyə təyin olunması o qədər də inandırıcı deyil. Həbsini gözlədiyimiz halda həbs olunmaması isə bunun da mümkün ola biləcəyini düşünməyə əsas verər".

"Rəsmi informasiya olmadan..."

Əməkdar jurnalist Məzahir Süleymanzadə: "Mənim baş verən hadisələr haqqında kifayət qədər məlumatım yoxdur. Rəsmi informasiya olmadan fakta münasibət bildirmək mümkün deyil".

"Əli Abbasovla bağlı məsələ mənə qeyri-adi görünmədi"

Jurnalist Dünya Sakit: "Düzü, bu məsələ mənim sahəmə aid deyil. Ümumi şəkildə deyə bilərəm ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa görə cəzalandırma yetərli - yəni conayətin dərəcəsinə uyğun deyil. Yüz minlərlə, bəzən milyonlarla manat dövlət vəsaitini mənimsəyən, rüşvət alan şəxslərə çox yüngül cəzalar kəsilir, ən yaxşı halda 2-3 ildən sonra müxtəlif yollarla azadlığa buraxılır. Bu baxımdan, Əli Abbasovla bağlı məsələ mənə qeyri-adi görünmədi. Eldar Mahmudovla bağlı eyni davranışın olacağını gözləmirəm. Onun adı daha təhlükəli cinayətlərdə keçir".

"Bu təyinat Elmlər Akademiyasının işinə müsbət təsir götərəcək"

Sonda qeyd edək ki, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov modern.az-a açıqlamasında bildirib ki, bu təyinatı normal qarşılamaq lazımdır: "Əli Abbasovun AMEA-nın müşaviri təyin edilməsini normal qiymətləndirirəm. Çünki o, informasiya və kommunikasiya texnologiyaları sahəsində tanınmış mütəxəssisdir. Akademikdir və müəyyən nailiyyətləri var. Fikirləşirəm ki, bu sahə üzrə Elmlər Akademiyasında onun faydalı məsləhətləri ola bilər. Digər tərəfdən Əli Abbasovun keçmişi, harada işləməsi və ya vəzifəsindən azad edilməsinin mənə aidiyyatı yoxdur. Onu mühakimə etməyə haqqım da yoxdur. Mən onu informasiya texnologiyaları sahəsində yaxşı mütəxəssis kimi tanıyıram. Düşünürəm ki, ona müşavir vəzifəsinin verilməsi Elmlər Akademiyasının işinə müsbət təsir götərəcək".

Ramiz Məmmədov həmçinin qeyd edib ki, insanların keçmiş naziri mühakimə etməsi düzgün deyil: "İndi insanlar Əli Abbasovun əvvəlki fəaliyyətindəki mənfi tərəfləri görür. Amma bu insan həm də mütəxəssisdir axı. Eyni zamanda Əli Abbasov heç mühakimə də olunmayıb. Mən necə onu günahlandıra bilərəm? Kiminsə də ixtiyarı yoxdur ki, məhkəmənin qərarı olmadan o şəxsi cinayətlə və ya başqa bir şeylə günahlandırsın. Son söz məhkəmənindir. Bu bizim işimiz deyil".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top