Dollar yenidən bahalaşacaqmı? - Natiq Cəfərli şərh edir

Bu il dollar-manat məzənnəsi kəskin enib-qalxması ilə yadda qaldı. İqtisadçı ekspertlər bunu müxtəlif tərəflərdən şərh etdilər. Bir müddətdir belə iddialar var ki, İslam Oyunları bitəndən sonra dollar yenidən qalxacaq. İslam Oyunları isə artıq başa çatıb. Bəs deyilənlər nə dərəcədə real ola bilər? "Yeniavaz.com" olaraq bunu aydınlaşdırmaq məqəsədi ilə suallarımızı iqtisadçı ekspert Natiq Cəfərliyə ünvanladıq.

"Hökümət iqtisadi aktivliyin artmasına çalışacaq, çünki başqa yolu yoxdur"

N. Cəfərli dedi ki, əslində Azərbaycanda son aylar dolların məzənnəsi ilə bağlı baş verən proseslər birbaşa yox, dolayısı ilə İslam Oyunları ilə əlaqəli idi: "Çünki birbaşa əsas səbəb Mərkəzi Bankın apardığı sərt pul siyasətidir. Yəni, bütün əlində olan imkanları nəzərə alaraq dövriyyədə olan manat kütləsini toplayır. Sərbəst manat kütləsi azaldıqca təbii ki, manatın dollara çevrilməsinin də səviyyəsi azalıb. Bu birinci səbəbdir. İkinci səsbəb isə, idxalın azalmasıdır. Ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi, gəlirlərin azalması və s. idxalda yanvar ayından bu vaxta qədər 17 faiz azalmaya səbəb olub. Bu göstərici heç də yaxşı hal sayılmır. Məzənnə sabitləşsə də iqtisadi aktivliyin zəifləməsi iqtisadi oyunçuların gəlirlərinin azalmasına səbəb olub. Dediyimiz kimi, İslam Oyunlarının dolayısı ilə əlaqəsi var idi, ölkəyə gələn qonaq sayının çox olması, bankların valyuta əməliyyatlarından daha çox vəsait qazanması ehtimal olunurdu. Bundan sonra, yəqin ki, gələn aydan "Formula 1" yarışları başlayacaq. Üstəlik, yay mövsümündə Azərbaycana gələn turistlərin sayının artması ehtimalı da var. Ona görə də yayda ciddi dəyişikliklərin olması ehtimalı çox aşağıdır. Yəni, hələ ki, məzənnə olduğu kimi qala bilər. Gərək beynəlxalq aləmdə ciddi dəyişikliklər baş versin ki, bu da Azərbaycana təsir göstərmiş olsun. İndiki sabitlik dövründən sonra payız aylarında hökümət iqtisadi aktivliyin artmasına çalışacaq, çünki başqa yolu yoxdur. Belə olan halda manat kütləsi dövriyyədə artacaq. Son iki ildə belə olub ki, yay mövsümündən sonra payız və qışın ilk aylarında dollara təlabatın artmasının və dolların məzənnəsinin yüksəlməsinin şahidi olmuşuq. Bu baxımdan kəskin məzənnə dəyişikliklərinin olmasını gözləmirəm. Amma ən azından hökumət və Mərkəzi Bank göstərdi ki, dolların 1.70 AZN səddi hökumət üçün vacib səddir. Məzənnəni ondan aşağı düşməyə qoymurlar. Yuxarı həddi yanvar ayında biz gördük, yəni, 1.92 AZN rəsmi məzənnə oldu. Ona görə də bu ilin sonuna qədər həmin o koridor çərçivəsində məzənnənin dəyişməsini, manatın ucuzlaşmasını gözləmək olar. İlin sonuna qədər 1.90-1.95 AZN civarında dəyişdiyini görə bilərik. Buna beynəlxalq aləmdə baş verən proseslərin də təsiri olacaq. İyunun 14-15-də FED-in növbəti toplantısı olacaq. Ehtimal olunur ki, artım 0.25 faiz dərəcəsində olacaq. Bu da dolların bahalaşmasına səbəb olacaq amillərdən biridir. Növbəti artım sentyabr ayına təsadüf edəcək. Bu isə payızda dolların daha ciddi bahalaşması ilə nəticələnə bilər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top