Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək.

İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında İngiltərənin "Mançester Yunayted" və Hollandiyanın "Ayaks" komandaları üz-üzə gələcək.

Amsterdam təmsilçisi son 21 ildə ilk dəfə avrokubokların həlledici oyununa çıxacaq. Ümumilikdə isə iki komanda finallarda üst-üstə 16 dəfə iştirak edib. "Ayaks" 7 dəfə kuboka yiyələnibsə, "Mançester Yunayted"də bu göstərici 4 olub. "Qırmızı şeytanlar" bu dəfə qalib gəlsələr, ilk dəfə Avroliqanın baş mükafatını qazanacaqlar. Eyni zamanda bu komanda bütün 3 Avropa kubokuna - Çempionlar Kuboku (hazırkı Çempionlar Liqası), UEFA Kuboku (Avropa Liqası) və hazırda mövcud olmayan Kuboklar Kubokuna yiyələnən 5-ci komanda sayılacaqlar. Əvvəllər bu, 4 kluba nəsib olub ki, onlardan biri də "Ayaks"dır.

Qeyd edək ki, bugünkü oyun Mançesterdə törədilmiş terror aktı qurbanlarının xatirəsinin anımı məqsədilə 1 dəqiqəlik sükutla başlanacaq.

Avropa Liqası

Final

22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Stokholm, "Friends Arena"

DİGƏR XƏBƏRLƏR

Top