Dövlət satınalmalarında şəffaflığın artırılması yolları müzakirə edilib

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən "Dövlət satınalmalarının şəffaflığının artırılması" layihəsi çərçivəsində Azərbaycanda dövlət satınalmalarında şəffaflığın artırılması mövzusunda dəyirmi masa keçirilib. Avrasiya Əməkdaşlıq Fondu mətbuat xidmətinin rəhbəri Zümrüd İsmayılovanın "Yeniavaz.com"a verdiyi məlumata görə, müzakirələrdə Auditorlar Palatası, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, biznes və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Müzakirələrdə çıxış edən Dövlət satınalmaları üzrə ekspert Vüqar Hüseynov Azərbaycan Respublikasında dövlət satınalma qanunvericiliyinin əsas təkmilləşdirmə sahələri barədə məlumat verib. O qeyd edib ki, Dövlət satınalmaları ilə bağlı qanunvericilikdəki bir sıra çatışmazlıqlar var və bu da şəffaflıq imkanlarını məhdudlaşdırır.

Tədbirdə "Dövlət satınalmalarının şəffaflığının artırılması" layihəsinin "Elektron Tender konsepsiyası" üzrə eksperti Məhəmməd Muradov çıxış edərək Azərbaycanda elektron satınalmalar portalının yaradılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, elektron satınalma portalının yaradılması kiçik və orta sahibkarlığın inkişafına, habelə dövlət büdcəsinə təxminən 20%-ə qədər qənaət edilməsinə gətirib çıxara bilər.

Tədbirdə çıxış edən layihə eksperti Elvin Yusifli qeyd edib ki, dövlət təşkilatları və müəssisələri tərəfindən aparılmış satınalma əməliyyatları və prosedurları barədə məlumat ictimaiyyət üçün açıq deyil. Məsələn, tender sənədləri, iddiaçılar tərəfindən təqdim olunmuş tender təklifləri, tender komissiyalarının qərarları, satınalma prosesi ilə bağlı qəbul edilmiş şikayətlər və mübahisələrin həll edilməsi barədə qərarları əldə etmək mümkün deyil. Elvin Yusifli tender komissiyalarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasının zəruri olduğunu vurğulayıb. Müzakirələrdə Dövlət satınalmaları sahəsində dövlət siyasətini icra edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin vətəndaş cəmiyyəti ilə əməkdaşlığa açıq olmasının zəruriliyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top