Bakıda bu bina evləri "həyət evi" olur - Açıqlama, FOTOLAR

Bakının bir çox yerlərində bina evlərinin birinci mərtəbələri hasarlanıb, bir neçə metr irəli çəkilib, hətta dəmir darvaza qoyulub. Elə binalar var ki, cəmi 1-2 mənzildə bunu ediblər, lakin elələri də var ki, binanın 1-ci mərtəbəsi başdan başa kənd evlərini xatırladır - bir neçə metr hasar çəkilib, ağac əkilib, çardağ çəkilib, darvazalar da öz yerində. Əlbəttə, ilk baxışdan insana xoş gəlir - bina evində kənd evi mühitinin yaradılması, ancaq bunun özündə də qəribə bir təzad var. Axı necə olur ki, bina evində həyət evinə oxşar şərait yaradılır? Bu qədər xərc çəkən, bu qədər əziyyət çəkən və elə başqalarına da əziyyət verən adamlar niyə elə gedib həyət evi almırlar? Bu nə həvəsdir, bu nə maraqdır? Bu sualı elə yəqin ki, bu işi gördürənlərə vermək lazımdır. Təəssüf ki, əksəriyyəti burada qanun pozuntusu olduğunu bildiyi üçün bu barədə danışmır, açıqlama vermirlər.

"Bəlkə buna həqiqətən icazə var, biz bilmirik?"

Burada digər bir maraqlı məqam da var - axı necə olur ki, dövlət qurumları, "JEK"lər bunu görmürlər və ya görməzliyə vururlar? Kasıbın biri mənzilinin balkonunu təmir etdirəndə yüz yerdən yoxlama gəlir, amma bir başqası bina evini "həyət evinə" çevirəndə bu gözəgörünməz olur? Əgər bu dərdin dərmanı rüşvətdirsə, onda niyə bu işə qol qoyanlara qarşı tədbir görülmür. Bəlkə buna həqiqətən icazə var, biz bilmirik? Mövzu ilə bağlı "Yeniavaz.com" saytına daşınmaz əmlak məsələləri üzrə ekspert, "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlama verib.

"Binalardakı bütün o ümumi sahələr paylı mülkiyyətdir"

Nüsrət İbrahimovun sözlərinə görə, bina evlərinin birinci mərtəbələrinin "həyət evləri"nə çevrilməsinə heç kim hüquqi don geyindirə bilməz, çünki belə bir qanun yoxdur. Ekspert qeyd edir ki, əgər kimsə və ya hansısa dövlət qurumu buna yol veribsə, icazə veribsə, qanunsuz addım atıb. Onun dediyinə görə, bina evlərinin ümumi sahələri orada mənzil sahibi olan, orada yaşayan bütün ailələrin, şəxslərin payıdır, təkcə birinci mərtəbəyə aid deyil: "Binaların birinci mərtəbəsinin hasarlanması, binanın fasadında hər hansı əlavə yükləmə işinin aparılması qəti yolverilməzdir. Binaya qarşı və arxa tərəfdən fövqəladə hal baş verən zaman həm texnika, həm də insanlar yaxınlaşa bilməlidirlər. Ona görə də binanın 1-ci mərtəbəsinin istər ön tərəfdən, istər arxa tərəfdən bağlanması qətiyyən olmaz. Bundan əlavə, binalardakı bütün o ümumi sahələr paylı mülkiyyətdir. Belə çıxır ki, birinci mərtəbədəki ailə o sahəni zəbt eləyib və yuxarı mərtəbələrin hüquqları pozulub. Bütün bunları nəzərə alsaq, həm qanuni, həm də insani münasibətlər buna yol vermir. Birmənalı olaraq belə bir şeyə heç bir icazə verilə bilməz".

"Standartlarda belə bir şey yoxdur"

Daşınmaz əmlak üzrə ekspert onu da bildirdi ki, tikinti, daşınmaz əmlakla bağlı heç bir sənəddə, heç bir normativ hüquqi sənədlərdə, standartlarda belə bir şey yoxdur, nəzərdə tutulmayıb: "Əgər bu barədə kimsə, əks bir şey deyirsə, düz demir".

Müsahibimizin sözlərinə görə, yalnız bir halda bunu etmək olar - binanın fasad hissəsini başdan-başa dəyişmək: "Bu zaman isə binanın layihəsinə dəyişiklik edilməlidir. Yəni sizin dediyinizlə bu başqa-başqa şeylərdir. Yeni layihə ilə binanı başdan başa, bütöv artıra bilərsən - bir mərtəbəni yox, bütöv binanı".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top