Ali təhsil almadan iş həyatında müvəffəqiyyətli olmaq olarmı?

Xüsusi olaraq "Yeniavaz.com" üçün

Fəxri Ağayev
AAAF Holding, vitse-prezident

Türkiyə vətəndaşı bir dostum var, ali təhsili yoxdur. Hal-hazırda yüzlərlə mağazası olan böyük bir şəbəkənin satış dirketorudur. Bu insan çox ciddi şəkildə özünü inkişaf etdirmiş insandır. Karyerasını tamamən sıfırdan quran bu insan mənim gözümdə ali təhsil almış bir çox “mütəxəssislərdən” üstündür, çünki özü özünü inkişaf etdirmişdir.

İki nəfər insan düşünək:

İnsan № 1 ali təhsil almaqdadır.

İnsan № 2 ali təhsil almır və bir şirkətə satış məsləhətçisi olaraq işə başlayır.

İnsan № 1 universitet illəri ərzində “öxuyuram” adı ilə hər gün universitetə gedir və gəlir, dərslərdə oturur, dərslərdən sonra heç bir əlavə məlumat almır və material, kitab oxumur, imtahanlardan öncə dəsrlərini oxumağa başlayır, boş zamanlarını əyləncə və istirahətdə və ya ümumiyyətlə boş keçirir. 4 il keçir və universitet bitirən bu gənc diplom sahibi olur, amma iş təcrübəsi yoxdur.

Insan № 2 satış məsləhətçisi olaraq işə başlayır, amma məqsədləri ölkədə tanınan satış mütəxəssisi olmaqdır. Satıcı olaraq işlədiyi dövr ərzində satış texnikaları, müştəri psixologiyası, marketinq, ünsiyyət və kommunikasiya mövzularında ədəbiyyat oxuyur və oxuduqlarını işində tətbiq edir.

Bütün bunlara əlavə olaraq bu gənc işlədiyi şirkətdə yaxşı və pis müdirlərin necə işlədiyini görür və idarəçilik haqqında oxuduğu ədəbiyyatdan “pis və yaxşı” arasında fərqi özü seçə bilir; şirkətin marketinq, merçendayzin, HR, reklam strukturlarının reallıqda necə işlədiyini görür və bu mövzularda biliklərini artırmaq üçün daim məqalələr oxuyur.

4 il ərzində özünü bu şəkildə inkişaf etdirən gənc çox rahat şəkildə satış müdiri ola bilər.

Bu iki gənc arasında uçurumlar qədər fərq var.

Ancaq burada kiçik bir “nüans” var.

“Ali təhsil” mi, “həyat təcrübəsi” mi sualına cavab verəndə, biz vacib meyyarı nəzərə almalıyıq : hansı təcrübə və hansı ali təhsil. Burada vacib olan “nə?” sualı deyil – vacib olan “necə?” sualıdır.

4 il ərzində universitetdə oxuyan gənc zamanını boş yerə də xərcləyə bilər. Bu zamanı çox faydalı da keçirə bilər. Həm nəzəri biliklər, həm də praktika toplaya bilər. Bunlara əlavə özünü inkişaf da etdirə bilər.

Satış sahəsində işləyən gəncə də eyni yanaşma aiddir : 4 il ərzində eyni işləri mi görür bu insan yoxsa bu zaman ərzində özünü satış peşəkarı və idarəçi olaraq mı yetişdirir?

Ümumi nəticə budur: kimin harda olması vacib deyil – nə etdiyi vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top