"Sərgüzəşti-vəziri-xani-Lənkəran"la səfərə çıxırlar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti cari ilin iyun ayında respublikamızın bölgələrinə qastrol səfəri edəcək. Səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində baş tutacaq. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu dəfə teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə ölkəmizin şimal-qərb bölgəsinə - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident Təqaüdçüsü, "Şöhrət" ordenli Cənnət Səlimova, əsas obrazların ifaçıları Əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqalarıdır.

Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyun ayının 12-dən - 16-dək baş tutacaq və tamaşa adıçəkilən rayonların ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə nümayiş etdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top