Ağaca qəlbinin hərarətini verən sənətkar

Bir neçə gün öncə sənət adamı, ağac üzərində oyma üsulu ilə çox maraqlı əl işləri ilə tanınan Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) 81 yaşı tamam oldu.

Yaradıcılığa müqəddəs kitabımız "Qurani-Kərim"dən "O, hər şeydən xəbərdardır" kəlamını ağac üzərində həkk etməklə başlayan Seyfəddin Mənsimoğlu daha sonra Məhəmməd Füzuliyə, Nizami Gəncəviyə, Xaqaniyə, Nəsirəddin Tusiyə, Qurbaniyə, Sultan Məhəmmədə Dədə Qorquda, Nəsrəddin Tusiyə, Üzeyir Hacıbəyliyə həsr etdiyi sənət nümunələri ilə sənətsevərlərə xoş anlar yaşadıb. Onun bu kimi əsərlərində görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda onların yaradıcılıq aləmi ilə səsləşən elementlər və rəmzlər, eləcə də müxtəlif atributlar da verilir ki, bu da oyma nümunəsini daha da dolğunlaşdırır. Məsələn, Məhsəti Gəncəviyə həsr etdiyi kompozisiyada "Gəncəvi" sözü musiqi aləti udun üzərində, "Məhsəti" sözü isə aşağı hissəsində yarımdairəvi formada yazılıb. Udun yuxarı uzanan qolunun sol tərəfində Məhsətinin, sağ tərəfində isə həyat yoldaşı Əmir Əhmədin qabartma üsulu ilə işlənmiş portreti işlənib. Yaxud Əcəmi Naxçıvaniyə həsr olunmuş əsərin ümumi formasını dahi memarın şah əsərlərindən olan Mömünəxatun türbəsinə yuxarı hissədən baxış təşkil edir.

Onu da deyək ki, Seyfəddin Mənsimoğlu ilk dəfə olaraq ağacoymanı xəttatlıqla qovuşduran uğurlu bədii həll tapmağa nail olub, ağac lövhələr üzərində ərəb əlifbası ilə yazılmış ayrı-ayrı söz və kəlamları orijinal biçimli kompozisiyalarda əks etdirib. Bu işlərə tamaşa etdikcə insan əllərinin nələrə qadir olduğuna, insan təfəkkürünün nələr yaratdığına heyrətlənməyə bilmirsən. Onun əsərlərinə diqqətlə baxanda onlarda xalçalarımızın bənzərsiz naxışlarını görməmək mümkün deyil. Elə bu kimi bənzərsizliklərinə görə, onun sənətkarlığı mütəxəssislər tərəfindən həmişə yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub, əsərləri sərgilərdə uğurla nümayiş etdirilib. 1981-ci ildən bu günədək ustanın 45-ə yaxın məşhur əsəri Bakı, İstanbul, Berlin muzeylərində və neçə-neçə şəxsi kolleksiyalarda saxlanılır. Ustad Seyfəddinin yaratdığı təxəyyülünün nəticəsi olan konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə göz oxşayan rəhillərdən biri hazırda Berlin İslam Muzeyinin Azərbaycan bölməsində, digəri isə Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır... Yeri gəlmişkən, bu sənətkardan söz düşəndə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev deyir: "Usta Seyfəddin ağacı dəmirlə yox, ürəyi ilə kəsir. Onlara ürəyinin bir parçasını qoyur, qəlbinin hərarətini verir". O həmçinin bildirib: "Etiraf edək ki, onun yaratdıqları Azərbaycan ağacoyma sənətində yenidir. Onun ağacoyma ilə xəttatlığı birləşdirən əl işləri zaman çərçivəsinə sığışmayan və məşhur "El sənəti - el şöhrətidir" deyimini təsdiqləyən sənət möcüzələridir, desək, yanılmarıq".

Məlumat üçün bildirək ki, Seyfəddin Mənsimoğlu Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açıb.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top