Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq. Bu barədə saytımıza Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Mərasim Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan "Nazirin xanımı" tamaşası ilə davam etdiriləcək. 1970-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində Branislav Nuşiçin müəllifi olduğu pyes əsasında görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi "Nazirin xanımı" tamaşasında xalq artisti Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb.

Qeyd edək ki, Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. O, Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib. O, qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top