Xanım Qafarova "Arşın mal alan"la yad olunub

Azərbaycan Dövlət Musiqli Teatrında Respublikanın Əməkdar artisti Xanım Qafarovanın xatirəsi yad edilib. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasının növbəti nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Respublikanın Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Xanım Qafarovanın həyat və yaradıcılığı haqqında çıxış edib. T. Pənahqızı aktrisanın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, onun özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb: "Məlahətli səsə malik olan Xanım Qavarova uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar ifa edib. Onun Musiqili Teatrda son oynadığı obrazlardan biri də "Arşın mal alan" tamaşasında Cahan xala olub. Xanım Qafarovanın yaratdığı Cahan xala tam fərqliydi, özünəməxsusluğu ilə seçilirdi... Əgər sağ olsaydı, ölüm onu aramızdan vaxtsız alıb aparmasaydı, indi 50 yaşını qeyd edəcəkdik. İnanıram ki, o öz obrazının öhdəsindən yenə də uğurla gələcəkdi, yenə də tamaşaçıların alqışlarını qazanacaqdı. Və təbii ki, yenə də ona gül dəstələri təqdim olunacaqdı.

Mən ona təqdim olunacaq güllləri, çiçəkləri onun ağbirçək anasına və yadigarı olan qızına təqdim etmək istəyirəm! Allah Xanım Qafarovaya rəhmət eləsin! Onun işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq".

Qeyd edək ki, süd vəzisi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə dünyasını dəyişib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top