Səhnəmizin və kinomuzun Rza Əfqanı

Onu siz də yaxşı tanıyırsınız. O, istər teatr, istərsə də kino tariximizdə hiss və duyğularımıza hakim kəsilən xeyli obrazlar yaradıb. Onun "Dağlarda döyüş" (1967) filmində yaratdığı Sərxan məhz belə obrazlardan biridir. Bəli, o bu filmdə bir qaçaqmalçı kimi oğlu Fərruxla üz-üzə gəlir... Sadəcə məlumat üçün bunu da əlavə edim ki, bu aktyorla "O olmasın bu olsun"da (1956) Cəlil Məmmədquluzadə, "Qanun naminə"də (1968) Vahidov, "Mən ki gözəl deyildim"də (1968) Həmid, "Bakılılar"da (1938) Cəfər, "Kəndlilər"də (1939) Abbas, "Yeni horizont"da (1940) professor Əhmədov, "Aygün"də (1960) Müəllim, "Sevil"də (1970) Atakişi kimi görüşürsünüz. Bəli, söhbət bu gün anadan olmasından 118 il ötən Xalq artisti Rza Əfqanlıdan gedir.

Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" "Köhnə dudman", "Baba yurdunda", "Pəri cadu, "Dağılan tifaq" və onlarla digər tamaşada əsas rolları ifa edib. Təəssüf ki, onun teatrda yaratdığı rolları lentə alınmayıb.

Təzadlarla dolu bir ömür yaşamış Rza Əfqanlı... Lakin o,öz kədərini heç zaman büruzə verməyə çalışmayıb. Sənətşünas İnqilab Kərimov söyləyirdi ki, Rza Əfqanlı bütün problemlərini, dərdini teatrdan kənarda qoyardı. Bu səbəbdən də həyatda nə qədər dərdli, qəmli hadisələrlə üzləşsə də, səhnədə hər bir obrazın öz geyimində, formasında, dəyərində olmağı bacarırdı. Sadə, epizodik obrazdan başlamış, baş qəhrəmana kimi bütün rollarını cani-dildən yaradırdı.

Rza Əfqanlı həm də ailəsi ilə birlikdə Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verib. Belə ki, həyat yoldaşı Bədurə Əfqanlı uzun illər müxtəlif teatrlarda geyim rəssamı olub. Övladı Ofeliya Aslan isə uzun illər həm teatrın, həm də kino sənətinin inkişafında özünəməxsus fədakarlıq göstərib.

Rza Əfqanlı Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb və 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan Respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.

Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top