Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

ANALİZ

Atəşkəsdən status-kvonun qorunub saxlanılmasına uzanan yol - ANALİZ

12.05.2017 17:45

Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsi barədə imzalanan anlaşmanın qüvvəyə minməsinin 23 ili tamam oldu. O vaxt atəşkəs elan olunması barədə imzalanan anlaşmanın gələcəyinə böyük ümidlə baxılır, bunun bölgədə tezliklə uzunmüddətli sülhə gətirib çıxaracağı gözlənilirdi. Hər halda Rusiyanın təklifi və təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında 1994-ci il may ayının 8-də Qırğızıstanın paytaxtı Bişkekdə imzalanan və tarixə "Bişkek protokolu" kimi düşən atəşkəs barədə anlaşmada qısa müddətdə işğal altında olan torpaqların azad edilməsi, Dağlıq Qarabağın statusu ilə bağlı tərəfləri qane edəcək ortaq məxrəcə gəlinməsi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, atəşkəs haqqında anlaşma olduqca çətin şəraitdə imzalanmışdı. Belə ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları həyata keçirmiş və nəticədə Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsi düşməndən azad edilmişdi. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları müəyyən səbəblərdən uğurla nəticələnmədi. Həmin dövrdə öz gücü ilə Azərbaycanın qabağında davam gətirə bilməyəcəyini və məğlub olacağını anlayan Ermənistan rəhbərliyi təcili şəkildə kömək üçün Rusiyanın Ermənistandakı hərbiçilərinə müraciət etmişdi. Ermənistanı məğlubiyyətdən xilas etmək Rusiya ona canlı qüvvə və hərbi texnika ilə kömək etməyə başladı. Nəticədə düşmən Kəlbəcər istiqamətində ordumuzun uğurlu hərbi əməliyyatlarının qarşısını ala bildi. Bununla belə Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava hücumları nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edildi. Yenə də Ermənistanın köməyinə gələn Rusiya müttəfiqini xilas etmək üçün Azərbaycana təzyiq göstərməyə başladı. Rusiyadan müharibə davam edəcəyi təqdirdə Gəncənin işğal ediləcəyi barədə qeyri-rəsmi çağırışlar eşidilməyə başladı. O vaxt dövlət müşaviri işləyən Vəfa Quluzadənin sonralar mətbuata verdiyi açıqlamadan məlum olmuşdu ki, Rusiyanın ATƏT-dəki həmsədri Vladimir Kazimirov açıq şəkildə eyham vurmuşdu ki, müharibə bundan sonra da davam edəcəyi təqdirdə Kreml prosesə müdaxilə etməli olacaq və nəticədə Gəncə işğal ediləcək. Belə bir vəziyyətdə Azərbaycan mayın 4-də Rusiya tərəfindən irəli sürülən atəşkəs haqqında anlaşma təklifinə müsbət cavab verməli oldu.

Amma bu anlaşmanın imzalanması da asan olmadı. Belə ki, Dağlıq Qarabağın separatçı rejiminin də bərabərhüquqlu tərəf kimi sənədə imza atmasının təklif edilməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycan tərəfi buna razılıq vermədi. Uzun mübahisələrdən sonra mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov da imzaladı. Sənədə əsasən Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmalı idilər. Nəhayət sənədin imzalanmasından 4 gün sonra mayın 12-də atəşkəs haqqında anlaşma qüvvəyə mindi. Bundan bir həftə sonra mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradıldı. Amma atəşkəs haqqında sənəddə nəzərdə tutulanları həyata keçirmək mümkün olmadı. Ermənistan pərdə arxasından ATƏT Minsk Qrupu həmsədrləri tərəfindən dəstəklənməsindən istifadə edərək müxtəlif bəhanələrlə işğal altındakı torpaqları azad etməkdən imtina etdi. 1997-ci ildə münaqşənin nizamlanması üçün o vaxt Ermənistanı idarə edən Levon Ter-Petrosyan tərəfindən qəti addımların atılmasının qarşısı isə bunu istəməyən güclər tərəfindən alındı. Bu məqsədlə parlamentdə terror aktı həyata keçirildi. Nəticədə parlamentin sədri və müdafiə naziri də daxil olmaqla 4 nəfər öldürüldü. Bundan bir neçə ay sonra isə Ter-Petrosyan təzyiqlərə davam gətirməyərək tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu. 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində tərəflər uzunmüddətli sülhə gətirib çıxaracaq sülh anlaşmasını imzalamağa yaxın iidlər. Lakin yenə də münaqişənin həllini istəməyən pərdəarxası güclər son anda buna mane ola bildilər. Beləliklə sonrakı mərhələdə belə demək mümkünsə Ermənistan və onu himayə edən güclər mövcud status-kvonun qorunub saxlanılması siyasətini həyata keçirməyə başladılar. Nəticədə münaqişənin dinc danışıqlar yolu ilə həlli istiqamətində atılan bütün adddımlar boşa çıxdı. Bəs doğrudanmı atəşkəs haqqında anlaşma mövcud-status-kvonun qorunub saxlanılmasına yol açdı?

Məsələ ilə bağlı "Yeniavaz.com"a açıqlama verən politoloq, millət vəkili Fəzail İbrahimli atəşkəs haqqında anlaşmanın əslində Azərbaycanın iqtisadi, siyasi, hərbi baxımdan güclənməsinə yol açdığını vurğuladı: "Azərbaycan atəşkəs ərəfəsində həm daxildən, həm də xaricdən gələn təhlükə qarşısında qalmışdı və eyni zamanda iki cəbhədə vuruşmaq asan deyildi. Düşmən güclər daxildəki bəzi iqtidar əleyhidarı olan "qüvvələr"in köməyil təxribat törətmək niyyətində idilər. Ancaq Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu təxribatların qarşısı vaxtında alındı. Atəşkəs Azərbaycana neft və qazını xarici bazarlara çıxarmaq imkanı verdi. 1994-cü ilin sentyabr ayında imzalanan "Əsrin müqaviləsi" adlı anlaşma ölkəmizin həyatında tarixi hadisə idi. Sonrakı illərdə də Xəzər neftini və qazını dünya bazarına nəql edən kəmərlərin çəkilməsi ölkəmizin iqtisadi inkişafına təkan verdi. Azərbaycan ötən müddət ərzində həm siyasi, həm hərbi, həm də iqtisadi bxımdan inkişaf edərək gücləndi. Ötən ilin aprel ayında baş verən döyüşlər də göstərdi ki, Azərbaycan hərbi baxımdan güclənərək heç kimin yardımı olmadan işğal altındakı torpaqlarını azad etməyə qadirdir. Yəni atəşkəs haqqında anlaşma güclü və qüdrətli Azərbaycanın ortaya çıxmasına səbəb odu".

Ötən 23 il ərzində münaqişənin həll edilməməsinə gəlincə, politoloq bunun səbəbini Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə edərək bölgəni nəzarət altında saxlamaq istəyən bəzi güclərdə gördüyünü vurğuladı: "Amma heç bir qüvvə mövcud status-kvonu sona kimi qoruyub saxlamağa qadir deyil. Azərbaycan gec-tez işğal altındakı torpaqlarını azad edəcək və bunu qoy heç kim, o cümlədən mövcud status-kvonu qoruyub saxlamağa cəhd edənlər də unutmasın".

Əziz Mustafa

Oxundu 316

© 2017 - NSPSOLUTIONS