Regionda ən bahalı südü kim içir? - QİYMƏTLƏR

Son 7 il ərzində ölkəmizdə süd istehsalı 40%-ə yaxın artıb. 2009-cu ilə ölkədə 1 milyon 430 min ton süd istehsal olunduğu halda 2016-cı ildə bu rəqəm 2 milyon 9 min tona yüksəlib. "Yeniavaz.com" xəbər verir ki, ölkədə hər il süd istehsalı təxminən 100 min ton artıb. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkədə süd və süd məhsullarının istehsalı ilə irili-xırdalı onlarla müəssisə məşğul olur. Ancaq istehsaldakı artımlara və bu sahədəki mövcud rəqabət mühitinə baxmayaraq süd və süd məhsullarının qiyməti son 7 ildə 46% bahalanıb. 2009-cu ildə yağlılıq dərəcəsi 3,2% olan pasterizə olunmuş südün 1 litrinin orta qiyməti 1,1 manata (mövcud məzənnə ilə 0,65 dollar) bərəbar olduğu halda, hazırda 1,6 manata (0,95 dollar) bərabərdir. Qeyd edək ki, bu region ölkələri arasında Gürcüstandan sonra ən yüksək qiymətdir. "Yeniavaz.com" məşhur "numbeo" saytına istinadən bildirir ki, süd və süd məhsulları yalnız Gürcüstanda Azərbaycandan baha satılır. Gürcüstanda yağlılıq dərəcəsi 3,2% olan pasterizə olunmuş südün 1 litrinin orta qiyməti 1,15 dollara (2,8 lari) bərabərdir. Rusiyada isə südün qiyməti Azərbaycanla eyni səviyyədədir - 0,95 dollar (53 rubl). Regionda südün ən ucuz olduğu ölkə Belarus hesab olunur. Belarusda 1 litr süd təxminən 0,55 dollara (1 rubl) satılır. Digər ölkələrə gəldikdə isə Ukraynada südün 1 litrinin orta qiyməti 0,6 dollara (16 qrivna), İranda 0,73 dollara (24 rial), Türkiyədə 0,74 dollara (2,6 lirə), Qazaxıstanda 0,78 dollara (245 tengə), Ermənistanda isə 0,83 dollara (400 dram) bərabərdir. Rəqəmlərə baxdığımız zaman belə görünür ki, südün bu qədər baha olmasında inhisarçı amillərin təsiri böyükdür. Qeyd etdiyimiz kimi, son illər ölkədə süd istehsalı azalmayıb. Eyni zamanda xaricdən (əsasən Belarusdan) idxal etdiyimiz südün qiyməti daxili bazardakından ucuzdur. Qiymət artımının süni xarakter daşıdığını rəsmi dövlət qurumları da etiraf edirlər. Kənd Təsərrüfatı Nazirliyinin rəsmləri dəfələrlə bəyan ediblər ki, ölkəmizdə südün bu qədər baha olmasını iqtisadi amillərlə əlaqələndirmək mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top