O, 4 dəfə Nazim Hikmətə müraciət edib

Bu gün kinorejissor, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimovun (1919 - 20.9.1993) anadan olub.

Diplom işi üçün çəkdiyi Nazim Hikmətə həsr olunmuş "Sülh uğrunda mübariz" filmi onun kino sənətindəki yolunu təyin edib. 1954-cü ildə Aşqabaddan Bakıya gəldikdən sonra isə Nazim Hikmətin ssenarisi əsasında İ. Qurinlə birgə şərq ölkələrinin birində istiqlaliyyət uğrunda mübarizədən bəhs edən "Bir məhəlləli iki oğlan" bədii filminə quruluş verib. Nazim Hikmətin eyniadlı əsərinin motivləri əsasında "Qəribə adam" (1978) televiziya filmini çəkib. Yeri gəlmişkən onu da deyək ki, "Mosfilm" kinostudiyası (SSRİ) ilə "Tuğrafilm" (Türkiyə) kinoşirkəti Nazim Hikmətin "Məhəbbət əfsanəsi"inin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" bədii filminin birgə istehsalına qərar verəndə, hər iki tərəf böyük məmnuniyyətlə quruluşu Əjdər İbrahimova həvalə edib. O,1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor işləyib.

Ə. İbrahimov həm də istedadlı ssenarist olub. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin araşdırmalarına əsasən deyə bilərik ki, o, bu gün də hamının maraqla izlədiyi "Qayınana" kinokomediyasının ssenarisini M.Maleyeva, "İyirmialtılar"ı İ.Hüseynov və M.Maksimovla, "Ulduzlar sönmür"ü İ.Hüseynovla, "Məhəbbətim mənim, kədərim mənim" filminin ssenarisini tək özü, "Qəribə adam"ı M.Maleyeva ilə birgə yazıb. Öz filmlərində həm də aktyor kimi çıxış edib: Sumqayıtın inşaatçılarına həsr olunmuş "Onun böyük ürəyi"ndə Rəsulov, "Ulduzlar sönmür"də Bequlov, "Qəribə adam"da tacir Rəcəb rollarını məharətlə ifa edib.

Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də uzun sürən ağır xəstəlikdən sonra, ömrünün 74-cü ilində Moskva şəhərində vəfat edib, Bakıda Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top