"Erməniyə, rusa xidmət etmiş bir sıra şəxslər ölkəmizdə bir çoxlarının qəhrəmanıdır"

"28 aprel erməni, daşnak, bolşevik törəmələrinin ən şanlı günləridir. Həmin gün bizim milli hökumətimiz devrilib, Azərbaycan ərazisi işğal olunub. Kim özünü erməni, daşnak, bolşevik törəməsi hesab edirsə, onun üçün şanlı gündür. Çünki ondan sonra bunlar hakimiyyətə gəliblər". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa bildirib.

"Maraqlıdır ki, Azərbaycanın başına gələnlərin hamısı Mircəfər Bağırov istisna olmaqla, birinci katiblər erməni, ruslar olublar. Bunlar səbəbsiz deyil, 28 aprelin nəticəsində baş veriblər. Buna görə onların sevinməyə haqları var. Bunu erməni, daşnak sevinclə deyir, Azərbaycanda da özlərini belə sananlar deyə bilərlər. Kommunistlərin içərisində milli adamlar var, amma erməni, daşnak, bolşevik meylli ölkənin milli maraqlarını sata biləcək şəxslər də kifayət qədərdir. Biz sadəcə millət olaraq, 27 aprelin yenidən yaşanmaması üçün ayıq, daha tədbirli olmalıyıq ki, müstəqilliyimiz bir daha bundan sonra əldən getməsin. Azərbaycanda insanların dövlətçiliyə sədaqət duyğusu bir çox hallarda ritorikadan ibarətdir. Mahiyyət olaraq, böyük çoxluq hələ dövlətin nə olduğunu anlamayıblar. Kütlənin alt qatlarına qədər dövlət şüuru hələ yeriməyib. Qırğızıstanda "Manas"ın əleyhinə bir söz deyərsən, qırğızlar adamın başını yararlar. Biz də isə ən dəyərimiz Dədə Qorquddur, onun əleyhinə nəsə desən, hamı loyal qarşılayar".

Fazil Mustafa qeyd edib ki, ermənilərə, ruslara xidmət etmiş bir sıra şəxslər ölkəmizdə bir çoxlarının qəhrəmanıdır: "Amma bu gün biri durub Nuru Paşanı təhqir edirsə, söyürsə, buna cəmiyyət normal yanaşır. Halbuki onu söyənə cəmiyyətdə ən böyük nifrət aşılanmalıdır. Çünki Azərbaycanı erməni zülmündən qurtaran ən böyük şəxsiyyətdir. Haqqını hələ qaytara bilmədiyimiz bir şəxsiyyətdir. Onun haqqını xalq və dövlət olaraq qaytara bilməmişik. Adına bir küçə, məktəb, xatırlanacaq bir şey yoxdur. Səhəri gün bu torpağı azad edən bir şəxs Azərbaycan barədə nə düşünə bilər? Bunlar bizim nöqsanlardır. Təəssüflər olsun ki, bu nöqsanlara sahib cəmiyyətik. Çünki cəmiyyətdə həqiqətən öz dəyərlərinə sahib çıxmaq duyğusu çox aşağıdır, həm də gerçək dəyərlərə. Yalançı dəyərlərə sahib çıxarlar. Bir də görürsən deyirlər ki, qəhrəmanıma niyə belə dedin, amma baxanda həmin qəhrəman sandığının Azərbaycanın mövcudluğuna belə dəxli olmadığını görürük. Ona görə cəmiyyətin duyğularına diqqət etmək lazımdır. Çünki bunlar dövlətçiliyə bağlılıqla xarakterizə oluna bilən duyğular deyil".

DİGƏR XƏBƏRLƏR

Top