Mingəçevirdə 9 yaşlı uşağı maşın vurub

Mingəçevir şəhərinin Təbriz küçəsində 9 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Ruzi Həsənovun verdiyi açıqlamaya görə, günorta radələrində 10 ES 946 dövlət nömrə nişanlı VAZ 21 06 markalı avtomobilin sürücüsü Abdullayev Əlövsət Allahverdi oğlu idarə etdiyi maşınla 9 yaşlı piyada Kazımov Vüsal Vüqar oğlunu vuraraq ciddi xəsarət yetirib. Azyaşlı dərhal Mərkəzi Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilib.

Şöbədən verilən məlumata əsasən, qapalı kəllə-beyin travması, üz nahiyyəsinin sıyrıqları və sual altında beyin simptoması diaqnozu ilə uşağa çevik tibbi müdaxilə olunub. Hazırda vəziyyəti normaldır. Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top