İranda Azərbaycan Mədəniyyət Günləri keçirilə bilər

Cari ildə İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub. Bununla bağlı nümayəndə heyətimiz İranda danışıqlar aparır və tədbirin keçiriləcəyi məkanlara baxış keçirir. Bu niyyəttlə nümayəndə heyətimiz Tehran şəhərindən sonra İsfahan və Təbriz şəhərlərinə də səfər edib.

Təbrizdə nümayəndə heyətimiz Şərqi Azərbaycan Vilayətinin başçısı İsmayıl Cabbarzadə ilə görüşüb. Ölkəmizin Təbrizdəki Baş konsulu Əliənnağı Hüseynovun da iştirak etdiyi görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti, gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Görüşdə nümayəndə heyətimizin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizin sürətli inkişafı, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, sülh və dialoqa verdiyi töhfələr barədə söz açıb. Daha sonra İranda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan və Ərdəbildə keçiriləcək tədbirlərdən danışan Ə. Vəliyev həmçinin Azərbaycandan Təbrizə, Təbrizdən isə ölkəmizin müxtəlif bölgələrinə mədəniyyət və incəsənət xadimlərinin qastrol səfərlərinin təşkili və mədəniyyət müəssisələri ilə birbaşa əlaqələrin təşviqi istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb. Turizm sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə, yaxın zamanda iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüşün keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Vilayət başçısı Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə gedən inkişaf prosesinin təqdirəlayiq olduğunu qeyd edib.

Nümayəndə heyətimiz Təbriz şəhərinin bələdiyyəsinin başçısı Sadıq Nəcəfi ilə də görüş keçirib. Görüşdə Təbriz şəhərinin mədəni irsi, əhalinin asudə vaxtının təşkili, mədəni zövqü barədə fikir mübadiləsi aparılıb. Təbriz şəhərinin 2018-ci il üçün İslam Dövlətlərinin Turizm Paytaxtı elan edildiyi qeyd olunub və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Tamerlan Axundov daxildir.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top