"Moskvadakı görüşün bir mənası var idi: Kreml əmin olmaq istəyirdi"

Xəbər verildiyi kimi, bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. "Yeniavaz.com" saytının məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, görüşün nəticəsiz olacağı öncədən gözlənilən idi: "Gözlənildiyi kimi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü də nəticəsiz qaldı. Görüşün yekunları ilə bağlı yayılan və heç bir məna ifadə etməyə 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir: "Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar". Məgər prezidentlərin 2016-ci ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq o olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki? Əksinə, bu bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir. Moskvadakı görüşün bir mənası var idi: Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Buna əmin oldumu - bunu gələcək aylar göstərəcək".

Ekspert Rusiya XIN-nin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan mediası haqqında tənqidi fikirlərinə də münasibət bildirib: "Azərbaycan saytlarından birində hansısa yazını əlində bayraq edərək bütün mediamızı təhqir edib. Videonu izlədim. Mariya Zaxarova mediamızın ünvanına "qaba" ifadəsini 5-6 dəfə təkrarlayıb. Mariya Zaxarova nəinki bir neçə dəfə təhqirlərini təkrarlayıb, Azərbaycanı şantaj etməkdən də çəkinməyib. Görünür, Zaxarovaya o toxunub ki, Azərbaycan mediası Rusiyanın iki vətəndaşına Moskvanın fərqli münasibətindən yazıb. Necə olur ki, Moskva Rusiya vətəndaşı olan Lapşinin azad olunması üçün dəridən qabıqdan çıxır, ancaq separatçıların əsarətində olan Dilqəm Əsgərovun azad olunması üçün heç nə etmir? Bu açıq-aşkar ikili standartlardır. Hazırcavab Zaxarovanın bu suala cavabı olmadığı üçün mediamızı təhqir edir.

Fikrimcə, Mariya Zaxarovanın azərbaycanlı həmkarı Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov reaksiya verməlidirlər. Azərbaycan mediasını ünvansız olaraq təhqir edirlər, "qaba" adlandırırlar, kimsə Zaxarovaya cavab verməyəcəkmi? Rusiya xarici işlər naziri Sergey Lavrova sual verən azərbaycanlı jurnalisti bizimkilər işdən çıxartdılar, indi də Lavrovun işçisinə sual verən bir başqa jurnalistimizin sualını ağzında qoyaraq təhqir etdilər. Bizi təhqir edənlər Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərlərmi? Mariya Zaxarova Azərbaycan mediasını təhqir etməklə əslində rəsmi Bakını hədəf götürüb. Çünki Zaxarova düşünür ki, ona qarşı sərt yazılar hakimiyyət tərəfindən sifariş olunub. Halbuki, "Moskva niyə Lapşinlə Dilqəm Ələsgərov arasında fərq qoyur" sualı yanlız rəsmi Bakını narahat etmir".

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası (MŞ) artıq Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan jurnalistlərinin ünvanına söylədiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Zaxarovanın şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşıması yolverilməzdir.

DİGƏR XƏBƏRLƏR

Top