Büdcədə 321,2 milyon manat kəsir yaranıb

Bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 591,5 milyon manat, xərcləri 3 milyard 912,7 milyon manat olub. "Yeniavaz.com" Maliyyə Nazirliyindən verilən məlumata istinadən bildirir ki, büdcənin icrasında 321,2 milyon manat məbləğində kəsir (defisit) yaranıb.

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 473 milyon manat proqnoza qarşı 3 milyard 591,5 milyon manat və yaxud 3,4% çox olub.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 3,8% daha çox icra edilməklə dövlət büdcəsinə 1 milyard 420,8 milyon manat vəsait təmin edilib.

Həmin vəsaitin 67,2%-i və yaxud 954,2 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 17,5% daha çox əməl edərək büdcəyə 571 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37% və yaxud 154,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 12,1 milyon manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 milyard 525 milyon manat vəsait transfert edilib.

Ötən rüb dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5% və yaxud 3 milyard 912,7 milyon manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8%-i və ya 1 milyard 635,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% və ya 209 milyon manat çoxdur.

Birinci rübdə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 676,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 milyon manat vəsait yönəldilib.

2017-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Rüb ərzində icmal büdcənin gəlirləri 5 milyard 649,6 milyon manat, icmal büdcənin xərcləri isə 6 milyard 752,7 milyaon manat icra olunub. İcmal büdcənin kəsiri 1 milyard 103,1 milyon manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top