Azərbaycanda saytlar necə bloklanır? - Ekspertdən açıqlama

Xəbər verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. "Yeniavaz.com" saytının məlumatına görə, ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələyə münasibət bildirib.

"Artıq saytların bağlanması ilə bağlı bir müddət öncə qəbul edilən qanunvericiliyin tətbiqinə başlanıb. Son dəyişikliyə görə saytlara müraciətlər məhkəmə qərarı olmadan da bağlana bilir. Yəni icra qurumu saytı qapadıqdan sonra da məhkəməyə müraciət edə bilir.

Bu qanunvericilik və onun tətbiqi ilə bağlı problemlərin ola biləcəyi haqqında artıq açıqlama vermişdik. Son zamanlaradək belə bir anlaşılmazlıq vardı ki, bəzi resurslara giriş qapadılmışdı, amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada proseduraların həyata keçirilməsi haqqında məlumatlar verilməmişdi".

Ekspert qeyd edib ki, bir neçə gün öncə müvafiq icra qurumunun saytların bağlanması ilə bağlı məhkəmələrə müraciət qaydası da qanunvericilikdə öz əksini tapmışdı:

"Bundan sonra, nəhayət, dünən məlum oldu ki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəzi resurslara girişin qapadılması üçün məhkəməyə müraciət edib. Müraciətin nə zaman edildiyi məlum deyil. Amma mövcud dəyişikliyə görə, məhkəmə müraciətə 5 gün müddətində baxmalıdır. Xəbər portalları üçün bu, çox uzun bir zamandır. Yəni, məhkəmə qərar versə ki icra qurumunuun müraciəti əsassızdır, deməli, belə çıxır ki 5 gün həmin xəbər portalı qapalı olmalıdır".

Osman Gündüz qeyd edib ki, Nazirliyinin müraciətində hansı əsasların göstərilməsi açıqlanmayıb: "Burada diqqət çəkən məqam məhkəmə baxışının operativliyi və peşəkarlığıdır. Belə görünür ki, artıq qanunvericilik varsa, bu tip müraciətlərin sayının artmasını da gözləmək olar.

Odur ki, fikrimcə internetlə, onlayn mühitlə əlaqəli məhkəmə baxışlarının operataivliyini və peşəkarlığını yüksəltmək üçün, xarici təcrübədə olduğu kimi xüsusi məhkəmələrin (növbətçi məhkəmələrin) və İnternet və İT ilə əlaqəli peşəkar hakimlərin hazırlanması daha doğru olardı. Bu sahə ilə əlaqəli vəkillərin də hazırlanması faydalı olardı. Eyni zamanda bütün bu addımlarla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ya Elektron Təhlükəszlik Mərkəzinin ictimaiyyətə məlumat verməsi də vacibdir. Əgər icra qurumunun və ya məhkəmənin qərarı ilə resurs qapadılıbsa, onda bu resursa giriş zamanı həmin qurumun bununla bağlı qərarının da monitorda görsənməsi vacibdir".

DİGƏR XƏBƏRLƏR

Top