“Google” yalançı saytları əngəlləyəcək

“Google” axtarış sistemi öz alqoritmində mühüm dəyişiklik etməyə hazırlaşır. Bu barədə şirkətin bəyanatında deyilir. Alqoritm elə dəyişdiriləcək ki, axtarış sorğuları verilərkən yalan (“fake”) xəbərlər və ekstremist məzmunlu materiallar gəlməsin. Məqsəd yolverilməz üsullardan istifadə edərək öz saytlarının və resurslarının axtarış nəticəsində öndə görünməsini təşkil edən fərdlərin və qrupların qarşısını almaqdır. “Bəzi insanlar və qruplar hər zaman bizim alqoritmlərimizi aldatmağa çalışaraq öz saytlarının axtarış nəticələrində yuxarıda çıxmasını təmin etmək istəyiblər”, - deyə “Google”un açıqlamasında deyilir.

Dəyişikliklərin bir qismi müntəzəm olaraq alqoritmlərin işini qiymətləndirən şirkət əməkdaşlarına aid olacaq. Onlardan tələb olunur ki, axtarış nəticələrində çıxan təhqiramiz materialları, təkzib olunmuş konspiroloji nəzəriyyələrdən yazan saytları və sadəcə olaraq, yanlış informasiyalar yayan saytları qeyd etsinlər. Sistemin axtarışların nəticələrinin ön səhifələrə çıxarılmasının növbəliliyini müəyyən edərkən nəzərə aldığı faktorların kəmiyyətində də dəyişiklik olacaq. Hazırda sistem axtarış sorğularına cavablar təqdim edərkən 100-dən çox amili nəzərə alır. İndən belə daha mötəbər informasiya mənbələri daha öndə görünəcək, az etibarlı sayılan mənbələr isə aşağılarda olacaq.

“Google”dan bildirildiyinə görə, bu addım ötən il baş vermiş hadisəyə bənzər situasiyalara yol verməmək üçün atılıb. Belə ki, ötən il axtarış sisteminin Holokostu inkar mənasına gələn nəticələri ilə əlaqədar şirkət ciddi tənqid olunmuşdu. “Holokost necə baş verdi?” sualı ilə verilən axtarış nəticəsində nasistlərin cinayətlərinin inkar olunduğu saytlar öndə çıxırdı. Bu il isə məlum olub ki, “Obama çevriliş planlaşdırırmı?” sorğusuna, eləcə də “Nərdivanı kim icad edib?” sualına sistem qəribə cavablar təqdim edir. Cavablarda Barak Obamanın ABŞ-da kommunizm qurmaq üçün çevriliş planlaşdırdığı və nərdivanın 1948-ci ildə icad edildiyi barədə nəticələr çıxır. lent.az

DİGƏR XƏBƏRLƏR

Top