“Bursaspor” klubu Prosineçkinin AFFA ilə müqavilə müddətindən xəbərsizdir

Türkiyənin “Bursaspor” klubu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə AFFA arasında qüvvədə olan müqavilənin müddətindən xəbərsizdir. "Bursa.com"a istinadən verdiyi məlumata görə, “timsahlar” xorvatiyalı mütəxəssisin hazırkı anlaşmasının iyunda başa çatacağını güman edir. Əslində isə sövdələşmə 2017-ci ilin sonunadək qüvvədə olacaq. Komandanın cari mövsüm Super Liqada uğursuz çıxışı ilə əlaqədar baş məşqçi Mutlu Topçu ilə yollarını ayırmağı düşünən “Bursaspor” rəhbərliyi yenidən R.Prosineçkinin namizədliyini gündəmə gətirib. Klub prezidenti Ali Ay növbəti mövsümdə komandanın sükanı arxasında məhz Azərbaycan yığmasının baş məşqçisini görmək istəyir.

Qeyd edək ki, yanvarda “Bursaspor”un vitse-prezidenti Ali Adəmoğlu Robert Prosineçki ilə danışıqları yekunlaşdırdıqlarını və onunla razılıq əldə etdiklərini bildirmişdi. Lakin AFFA-nın baş katibi Elxan Məmmədov xorvatiyalı mütəxəssisin müqavilə müddətinin sonuna qədər Azərbaycan millisinin sükanı arxasında qalacağını bəyan edərək, məsələyə nöqtə qoymuşdu. R.Prosineçki AFFA ilə 2014-cü il dekabrın 3-də 3 illik müqavilə bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top