Heydər Əliyev Fondu adından Bakıda ağac kəsənlər kimlərdir? VİDEO

Bakının Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsi 141/147 ünvanında ağaclar qırılır. Həmin ünvanda yerləşən 40-cı binanın sakinləri problemlə bağlı "Yeniavaz.com" saytına açıqlama veriblər. Onlar bildiriblər ki, ərazidə çoxlu sayda müxtəlif növ ağaclar çoxmərtəbəli bina tikmək istəyən şirkətin əməkdaşları tərəfindən qırılıb. Sakinlərin sözlərinə görə, həmin ağacları 20 il öncə əkiblər və illərlə qulluq edərək buranı parka çeviriblər. Lakin "Kristal-F" şirkəti ərazini satın alıb və burada bina tikmək istəyir: "Ağacları qırdılar, ərazidəki idman avadanlıqlarını söküb apardılar. Ərazini hasara alıblar, qırdıqları ağacların bəzilərinin kötüklərinin üzərinə beton töküblər ki, bilinməsin. Bizə dedilər ki, Heydər Əliyev Fondu burada park salacaq, amma sonradan bildik ki, bina tikmək istəyirlər".

Diqqətçəkən məqamlardan biri də budur ki, hasara alınmış ərazidə park salınacağı ilə bağlı 2 lövhə yapışdırılıb. Lakin sakinlər buna inanmır: "Bunu bizi sakitləşdirmək üçün ediblər. Əgər park salınacaqdısa, bu qədər ağacı niyə qırırlar? Yolun qarşı tərəfində böyük su hövzəsi var. Bina tikmək üçün buranı qazsalar, binamızı, ətrafı su basa bilər. Kim zəmanət verə bilər ki, bizə bir şey olmayacaq?".

Sakinlər bildiriblər ki, məsələ ilə bağlı Prezident Aparatında, İcra Hakimiyyətində olublar: "Qəbulda olandan sonra iş müvəqqəti dayansa da, yenə başladı".

Mir Cəlal Paşayev küçəsi 141/147 ünvanında yaşayan sakinlər ərazidə bina tikintisinin dayandırılmasını və park salınmasını istədiklərini dedilər. Ətraflı videoda...

Heydər Əliyev Fondu adından Bakıda AĞAC KƏSƏNLƏR KİMLƏRDİR?

DİGƏR XƏBƏRLƏR

Top