ABŞ Ermənistana maliyyə yardımını 77,3 faiz azaldacaq

ABŞ 2018-ci maliyyə ilində Ermənistana göstərdiyi maliyyə yardımının həcmini azaltmağı planlaşdırır. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın tanınmış Foreign Policy nəşri məlumat verib. Məsələ ilə bağlı nəşrin əlinə keçən 15 səhifəlik sənəddə qeyd edilir ki, ABŞ özünün təhlükəsizliyinin daha yaxşı təmin edilməsi məqsədi ilə inkişaf etməkdə olan ölkələrə göstərdiyi maliyyə yardımlarının həcmini azaldacaq. Bundan əlavə sənəddə bir çox ölkələrə maliyyə yardımları göstərilməsini koordinasiya edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə Dövlət departamentinin birləşdirilməsi nəzərdə tutulub. Sənəddə 2018-ci ildə ABŞ tərəfindən Ermənistana göstərilən maliyyə yardımının həcminin 77,3 faiz azaldılacağı məsələsi də öz əksini tapıb. Belə ki, 2018-ci ildə Ermənistana nəzərdə tutulduğu kimi 17 milyon 633 min dollar əvəzinə 4 milyon dollar yardım ediləcək. Sənəddə Gürcüstana göstərilən maliyyə yardımının həcminin isə 41 faiz azaldilacağı göstərilir. Belə ki, Gürcüstan gələn il ABŞ-dan 47 milyon 512 min dollar əvəzinə 28 milyon dollar yardım alacaq.

DİGƏR XƏBƏRLƏR

Top