"Facebook"da yaşlı azərbaycanlıların dərdi...

Feysbuk istifadəçilərinin sayı gündən-günə artmaqdadır. Hətta ötən il belə statistika müəyyən olunmuşdu ki, planet əhalisinin təxminən 25 faizi bu sosial şəbəkədən istifadə edir. Feysbuk istifadəçilərinin əksəriyyətini gənclər təşkil etsə də, artıq yaşlı nəslin nümayəndələri gənclərdən heç də geri qalmır. Bunu nəzərə alaraq, Feysbukdakı yaşlı nəslin aktiv nümayəndələri- tanınmış diktor, əməkdar artist Eldost Bayram, insan hüquqları müdafiəçisi Novella Cəfəroğlu, yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı, Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanov ilə bu şəbəkədən istifadə məqsədləri, sosial şəbəkənin faydası və ziyanları barədə söhbətləşdik.

Məsələn, E. Bayram qeyd edib ki, o, kim olduğunu, cəmiyyət üçün bir ziyalı kimi hansı dəyərə malik olduğunu feysbuk istifadəçisi olduqdan sonra, dostlarının münasibətindən bilib: "Hələ ki, mənfi fikrin şahidi olmamışam. Bu da məni daha məsuliyyətli olmağa məcbur edir. Bu Feysbukun mənimçün yaxşı cəhətidir. Qaldı ziyanlı tərəfinə, təəssüflənirəm ki,nəvələrim və onlar kimi gənclər son zamanlar bu sosial şəbəkədən istifadəyə son dərəcə meyllidirlər. Fikirləşəndə ki, müxtəlif informasiyaların təqdimatında Azərbaycan dilinin qaydalarına əksər vaxtlarda əməl olunmur, cümlələr əksər vaxtlar savadsız və yarımçıq sözlərlə yazılır, kədərlənirəm.

Eldost müəllim Feysbukun canlı ünsiyyəti məhdudlaşdırması fikri ilə tamamilə razılaşdığını qeyd edib: "Yüz faiz düzdür. İnsanlar arasında birbaşa ünsiyyətin məhdudlaşdırılması da birbaşa özünəqapanmaya yol açır ki, bunun da təhlükəli məqamları məlumdur”.

Feysbuk istifadəçilərini ədəbi dilin normalarına əməl etməli olduğuna diqqət çəkən əməkdar artist burada başına gələn maraqlı hadisəni də nəql edib: "Bir dəfə İmadəddin Nəsiminin bir qəzəlini Feysbukdan götürdüm, amma peşman oldum. Nəsiminin həmin qəzəldə nə demək istədiyini bilmək üçün iş yoldaşıma zəng etdim. O da həmin qəzəlin düzgün variantını kitabdan mənə diqtə edib, mənə yazdırdı. Bir xoşagəlməz məqamı da qeyd etmək istəyirəm. Bəzən Feysbukda elə statuslar yazılır ki, diksinirsən. Düşünürsən ki, bu insanlar doğrudanmı, vaxtilə Azərbaycan dilində təhsil alıblar? Amma, sevindirici haldır ki, təmiz Azərbaycan dilində yazılan statuslar da çoxdur”.

N.Əbdülrəhmanlı Feysbukdan ancaq məlumat almaq və paylaşmaq, dostlarının fəaliyyətini izləmək, ölkədə və dünyada baş verən hadisələrdən xəbər tutmaq üçün istifadə edir:

"Ünsiyyətinə ehtiyacım olan bir sıra adamları da burada tapıram. Bir az vaxt alsa da, heç bir ziyanını görməmişəm. Çünki məqsədim başqalarını izləmək, həyatına qarışmaq, özümü reklam eləmək deyil”.

Yazıçı-tərcüməçi Feysbukun birbaşa ünsiyyəti məhdudlaşdırmasını hiss etmədiyini söyləyib:

"Feysbukda maraqlı məqamlar çox olub. Azı 30-35 il görmədiyim köhnə dostlarımı bu sosial şəbəkə vasitəsilə tapmışam. Bu da məndən ötrü çox gözlənilməz olub”.

Ç. Babaxanova Feysbukda lazımi yazıları oxuyur: "Həmçinin rəhbəri olduğum Təhsil Nazirliyinin Kurikulum komissiyasının üzvləri ilə görüşlər, müzakirə olunacaq məsələlər, yeni təkliflər barədə yazışmalarımız üçün istifadə edirəm. Bir də hərdən ad günlərinə baxıram ki, məni təbrik edirlər, mən də dostların ad günü olduqda təbriklərə qoşuluram”.

Feysbukdan bundan əlavə məşğuliyyəti olmadığını söyləyən professor sosial şəbəkənin aludəçisi olmadığını da vurğulayıb:

"Hərdən nəvələrimə deyirəm ki, bağlayın profilimi, lazım deyil. Nə isə çox xoşlamıram. Çünki bir də baxırsan kiminsə övladı dünyaya gəlib, onun şəklini paylaşır. Bir başqası çörək bişirir, çay içir, şəklini həmin saat Feysbuka yerləşdirir. Nəyə lazımdır bunlar? Mən onlara baxanda utanıram. Hərdən kollektivimizdəki kolleqalarım da mənim şəklimi paylaşır. Xahiş edirəm ki, məndən icazəsiz şəklimi yerləşdirməsinlər”.

N.Cəfəroğlu Feysbukdan yaxşı informasiyalar əldə etdini deyib:

"Məsələn, Rusiyadan, Türkiyədən, digər ölkələrdə baş verən siyasi hadisələr haqqında məlumatlar oxuyuram. Mənim üçün bunlar vacibdir”.

Paylaşılan yaxşı məqalələri maraqla oxuduğunu deyən N. Cəfəroğlunun başına isə Feysbukda heç bir maraqlı hadisə gəlməyib:

"Məsələn, bu yaxınlarda Elçin Şıxlının çox yaxşı bir məqaləsini oxudum. Rauf Arifoğlu dəyərli yazılar paylaşır, onları da oxuyuram. Elə şeylər var ki, Feysbuk əhəmiyyətlidir. Amma avara-avara paylaşımları, gününü mənasız Feysbukda keçirənləri kənara qoyaq. İntellektim yoxdur, onları oxumağa. Normal insanların yazılarını oxuyuram.

Feysbukun birbaşa ünsiyyəti məhdudlaşdırması fikrinə gəlincə isə bunu hiss etməmişəm. Mən həm Feysbukda ünsiyyət qururam həm də canlı. Başqalarını bilmirəm. Əksinə mənim canlı daha çox görüşlərim olub, nəinki sosial şəbəkədə”.sherg.az

DİGƏR XƏBƏRLƏR

Top