"Bunun nəyi xəbərdir?" - Baş redaktorlar Qulu Məhərrəmli ilə razılaşmır

Ölkədə baş verən hadisələr haqqında məlumat çatdırmaq medianın vəzifə borcu olsa da, cinayət, zorakılıqla dolu olan informasiyaların çoxluğu birmənalı qarşılanmır, aqresiya yaradır. Digərləri ilə müqaisədə daha çox oxunması isə jurnalistləri belə xəbərləri yaymağa həvəsləndirir.

"Bu halda medianın ciddiliyinə şübhələr yaranır"

Tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli "Yeniavaz.com"a açıqlamasında dedi ki, yerli media kriminal xəbərə həddindən artıq yer ayırır: "Bunun əsas səbəbi odur ki, jurnalistlər cəmiyyət həyatına, ictimai həyata dair xəbərləri lazımi qədər ala bilmirlər. Ona görə də kriminal xəbərlərin xususi çəkisi artır. Burada da medianın seçim imkanları məhduddur. Məsələn, məişət zorakılığı haqqında nə qədər yazmaq olar? Ümümiyyətlə, məişətlə bağlı hadisələrdən nə qədər yazmaq olar? Məişət hadisələri əgər narahatçılıq yaradırsa, o zaman hadisələri media yazır və həyəcan təbili çalır. Qonşunun qonşu ilə dalaşmasını da, kiminsə qonşunun toyuğunu oğurlamasını da az qala xəbər kimi verirlər. Belə halda isə medianın ciddiliyinə şübhələr yaranır. İnsanları maarifləndirmək lazımdır. Xüsusən, məişət zorakılığı ilə bağlı hadisələr verilərəkən seçilib verilməlidir. Bu xəbərlərin hamısı media üçün deyil. Polis hesabatını götürüb olduğu kimi bir az da protokol dili ilə mediada yayımlayırıq. Bunlar doğru yanaşma deyil".

Q. Məhərrəmli saytlarda yayımlanan xəbər başlıqlarına da münasibət bildirdi: "Xəbər yayımladıqda bir az da xəbərə hava qatmaq, diqqəti cəlb etmək, sensassiya yaratmaq üçün çox şişirdirlər, olmayan detallar da əlavə edirlər. Detektiv effekti yaranır. İstər-istəməz diqqəti cəlb edir. Xəbəri açıb oxuyanda görürsən ki, xəbərin içində heç bir mahiyyət yoxdur. Ər arvadını döyüb. Min illərdir ki, ər arvadı döyür. Bu prosesdə arvad ərini döyürsə, bu yeni xəbər, yeni informasiya olur. Qeyri-adi hadisələr olarsa, onu yazmaq olar. Adi xəbərləri, adi məişət hadisələrini media səhifəsinə çıxarılması doğru deyil".

Mövuz ilə bağlı sualımızı ölkənin bir sıra sayt və qəzetlərinin baş redaktorlarına da ünvanladıq. Onların fikirlərini təqdim edirik.

"Nəyisə gizlətməklə həll etmək mümkün deyil"

"Ölkə.az" saytının baş redaktoru Məmməd Gülməmmədov: "Son zamanlar məişət mövzularının mediamızda həqiqətən çox tirajlanması faktı ilə razılaşıram. Bildiyiniz kimi, buna bütün dünyada "3-cü səhifə xəbərləri" deyirlər. Adından da göründüyü kimi, məişət mövzuları əsasən manşet xəbəri deyil. Lakin informasiya texnologiyalarının inkişafı və məlumatın sürətli yayılması artıq belə mövzuları gündəm edə bilir. Mən düşünmürəm ki, mətbuat bu məlumatları işıqlandırmaqla reklam edir, əksinə, bunun mənfi tərəflərini göstərir, iyrəncliyi üzə çıxarır. Nəyisə gizlətməklə həll etmək mümkün deyil. Biz sovetlər dönəmində senzuralı mətbuatda bu tipli məlumatları görməyə bilərdik. Lakin bu gün cəmiyyətlərdə hansısa hadisəni KİV-lər işıqlandırmasa belə, sosial şəbəkələr vasitəsilə tirajlana bilir. Mətbuatın burada rolu isə dəqiqləşdirilmiş və daha loyal şəkildə hadisəni təqdim etmək, yayıla biləcək yanlış məlumatların, dezinformasiyaların qarşısını almaqdır. Mətbuat eyni zamanda məişət mövzusunda sosial çarxların, maarifləndirici mövzuların yayılmasında da maraqlı olmalıdır. Bunun üçün müvafiq dövlət qurumları, vətəndaş cəmiyyətləri funksiyasını həyata keçirən QHT-lərlə əməkdaşlıqlar edilməlidir. Bir media qurumunun rəhbəri kimi biz bunu əlimizdən gəldiyi qədər etməyə çalışırıq. Lakin bu kimi halların qarşısını almaqda mətbuat acizdir, mümkün deyil. Ona görə də məişət mövzularını işıqlandıran yerli KİV-ləri buna görə qınamaq olmaz. Cəmiyyətimizdəki hər bir aydın, ziyalı insanımızın üzərinə düşən bu halların üstünü ört-basdır etmək yox, çıxış yolu tapmaqdır"

"Mətbuat baş verən hadisəyə fərq qoymadan xəbər kimi baxmalıdır"

"Cümhuriyət qəzeti" və "cebhe.info" saytının baş redaktoru Rafail Becənov: "Xəbər xəbərdir. Mətbuat məhz bu prinsipdən çıxış etməlidir. Mətbuatın ilk vəzifəsi xəbəri, hansı mövzuda olur-olsun oxucuya çatdırmaqdır. Mətbuat bunu etməyəcəksə, sosial şəbəkələr bunu edəcək. Onda necə olacaq? Mətbuat onsuz da uduzduğu sosial şəbəkələrə daha böyük fərqlə uduzacaq. Deməli, mətbuat baş verən hadisəyə fərq qoymadan xəbər kimi baxmalıdır. Mətbuata Lenin fəlsəfəsi ilə yanaşmaq olmaz, yəni mətbuat təbliğat-təşviqat vasitəsi deyil. Mətbuat istehsalçıdır, xəbər istehsal edir. Əlində hansı xammal varsa, ondan da öz məhsulunu istehsal edir. Cəmiyyətdə kriminal, qadın zorakılığı və s. kimi hadisələr çoxluq təşkil edirsə, xəbərlərin də böyük əksəriyyəti o mövzuda olacaq. Buna görə mətbuatı qınamaq olmaz. Bu cəmiyyətun problemidir. Cəmiyyətin problemini isə mətbuat həll edə bilməz. Bununla məşğul olan müvafiq qurumlar, maarifləndirici təşkilatlar var ki, onlar məşğul olmalıdır. Amma böyük mənada götürsək, ölkə mediasında ən çox yer alan xəbərlər kriminal, qadın zorakılığı və s. deyil. "Cümhuriyət" qəzeti və Cebhe.info xəbər portalının təcrübəsindən deyə bilərəm ki, siyasi təhlillər, analitik yazılar da çox yaxşı oxunur. Bu yazıların özünün özəl oxucu auditoriyası var və heç də az deyil, bəlkə də kriminal xəbər "azarkeşlərin"dən sayagəlməz dərəcədə çoxdur".

"Bütün xəbərlər insanlara çatdırılmalıdır"

"a24.az" saytının baş redaktoru Cəlil Cavanşir: "Düşünürəm ki, bütün xəbərlər insanlara çatdırılmalıdır. Amma təqdimat məsələsində diqqətli olmalıdır. Cinayət, zorakılıq xəbərləri elə formada təqdim olunmalıdır ki, paranoya, xof, gərginlik yaratmasın. Potensial oxucularla yanaşı, saytlara, portallara girən yeniyetmələri də nəzərə almaq lazımdır. Məncə, bütün bu işlər əxlaq çərçivəsində olmalıdır".

"Ölkə ciddi xəbər qıtlığı içindədir"

"Teleqraf.com" saytının baş redaktoru - Pərviz Cəbrayıl: "Mən özgür Azərbaycan mediasının yaranmasının şahidi və iştirakçılarından biriyəm. Əlbəttə, medianın işi xəbərləməkdi. Ancaq mənim dediyim o mediada o xəbər xəbər sayılırdı ki, ictimai məzmunlu olsun. Hardasa bir qəzanın baş verməsi, hətta insan tələfatı, ya bir dükanın yarılması, ya intihar hadisəsi xəbər hesab edilmirdi. Ancaq ictimailəşmiş bir şəxsin başına gələn hansısa hadisə xəbər ola bilər. Bu gün bu tip xəbərlər getdikcə şou-əyləncə xarakteri alır, bu da ondan doğur ki, ölkə ciddi xəbər qıtlığı içindədir. Hansısa kənddə ot tayasının onda bir hissəsinin yanması niyə xəbər olsun ki? Haqqında danışdığınız o xəbərlər kiçik əyalət, nə bilim, qəsəbə səviyyəsində olan xəbərlərdi, yerli, bülleten səviyyəli mediada işıqlandırılmalı və yerli əhalini bir-birinin başına gələn hadisələrdən xəbərdar etməkçün, yəni, məsələn, bir qəsəbədə kimin ölməsi ilə bağlı sakinləri məlumatlandırmaq üçündür. Lakin böyük media bu xəbərlər üçün yox, bu tip olayların problem yanını çatdırmaq, dövlət orqanlarını həm nəzarətdə saxlamaq, həm hərəkətə gətirmək üçündür".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top