Olland seçkilərdə dəstəklədiyi namizədin adını açıqladı

Fransa Prezidenti Fransua Olland ölkədə prezident seçkilərinin ikinci turunda “İrəli” hərəkətanının təsisçisi, keçmiş müşaviri və sabiq iqtisadiyyat naziri Emmanuel Makronun namizədliyini rəsmi olaraq dəstəkləyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, F. Olland bu barədə Yelisey sarayında bəyanatla çıxış edib. Onun sözlərinə görə, E. Makron hazırda dünya, Avropa və Fransanın yaşadığı belə çətin dövrdə fransızların birləşməsini təmin etməyə imkan verən dəyərləri qoruyan şəxsdir. Dövlət başçısı qeyd edib ki, Le Penin əksinə E. Makronun namizədliyini dəstəkləyir, çünki ultra sağçıların ikinci turda iştirakını ölkə üçün təhlükə hesab edir: “Le Pen qələbə qazanarsa, “Milli Cəbhə”nin proqramının reallaşdırılması Fransa üçün yalnız mənfi nəticələr verəcək. Fransızların alıcılıq qabiliyyəti pozulacaq, Fransa təcrid vəziyyətinə düşəcək və onun Avropa İttifaqı ilə əlaqələri kəsiləcək”.

Xatırladaq ki, Fransa prezidenti seçkilərinin birinci turu aprelin 23-də keçirilib. Ölkənin Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, səsvermədə birinci yeri 23,86 faizlə E. Makron tutub. Marin Le Pen 21,43 faizlə ikinci olub. Seçkilərin ikinci turu iki həftədən sonra mayın 7-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top