"Niyə mən bu rola çəkildim?"

Onunla ilk tanışlığım "Yeddi oğul istərəm" filmində olub. O həmin filmin Kələntəri idi. O Kələntər ki, Gəray bəyin əmri ilə Çəlalı qanına qəltan edir. Elə ona görə mən onu "ölldürmək" fikrinə düşmüşdüm... Lakin sonradan başa düşdüm ki, yanlış yoldayam: odur ki həmin aktyorun sənəti qarşısında baş əyməklə onu əfv etdim. Sonradan həmçinin öyrəndim ki, sən demə, belə fikrə düşənlər çox olublarmış.

Bu yerdə Xalq artisti Rafiq Əzimovdan (məlumat üçün bildirim ki, Rafiq müəllim həmin filmdə Şahsuvar rolundadır) eşitdiyim bir söhbəti xatırlamaq yerinə düşərdi: "Bir gün qrim otağında onu öz-özünə bərkdən deyindiyini gördüm. O, Kələntəri nəzərdə tutaraq: "Niyə mən bu rola çəkildim?" - deyirdi. Bunun da səbəbini tamaşaçılar ona məktub yazaraq, xoşagəlməz ifadələr işlətməsi ilə izah etdi. Mən də: "Görün obrazı necə ustalıqla yaratmısınız ki, tamaşaçı da öz iradını bildirir", - deyə onu sakitləşdirməyə çalışdım".

Yəqin tanıdınız. Söhbət Xalq artisti İsmayıl Osman oğlu Osmanlıdan (1902 - 22.6.1978) gedir. Bu gün həmin müqtədir sənətkarın anadan olmasında 115 il ötür.

Şəkidə boya-başa çatmış, Akademik Dram Teatrında çalışmış İsmayıl Osmanlı "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Sehirli xalat" (Vəkil), "Torpaq. Dəniz. Od. Səma" (Kərim baba), Nəsimi" (Nəimi), "Dəli Kür" (Məmmədəli), Bəxtiyar (Səbətdaşıyan), "Poçt qutusu" (Novruzəli) və s. filmlərdə də yaddaqalan obrazlar yaradıb.

Deyilənlərə görə, tanınmış aktyor Möhsün Sənaninin Bakıdan Şəkiyə qastrola gəlməsi, kiçik dram dərnəyində aktyorluq edən İsmayıl Osmanlı ilə görüşməsi onun səhnə həvəsini daha da artırıb. Sonra məşhur rejissor Kirmanşahlının təklifilə 1928-ci ildə Tiflis-Azərbaycan teatrına dəvət olunub. Bir il sonra Azərbaycan Dövlət Dram Teatrı Osmanlını öz səhnəsinə dəvət edib. Şəmsəddin Abbasovun "Qələbə" pyesindəki traktorçu Bəhram rolu ilə fəaliyyətə başlayan sənətkarın ilk böyük uğuru isə Cəfər Cabbarlının "1905-ci ildə" pyesinin tamaşasında Bahadur bəy obrazı olub. Sonradan onun teatr və kinoda oynadığı rollar siyahısına 200-ə yaxın irili-xırdalı rol yazılıb.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top