IV İslam Həmrəyliyi Oyunları müddətində paytaxtda hansı tədbirlər keçiriləcək?

IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə paytaxtda hansı tədbirlər həyata keçiriləcək? Bu kimi suallara mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında aydınlıq gətirib.

Nazir bildirib ki, Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdiriləcək: "Bundan əlavə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər. Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş "şəhər turu" marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək". O həmçinin deyib: "Go-map" naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək". Onun sözlərinə görə, hazırda "Go-map" sistemindən gündə 25 min nəfər istifadə edir".

Daha sonra nazir bildirib: "Heydər Əliyev Sarayında mayın 13-dən etibarən həm Dövlət Rəqs Ansamblının çıxışları, həm də Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın konsertləri təşkil olunacaq. Eyni zamanda, Türkiyənin tanınmış rəqs ansamblı - "Anadolu atəşi" də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamı", Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq Ritm Qrupu"nun, caz ifaçılarının xüsusi konsertləri təşkil ediləcək. Mayın 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" və "Arşın Mal Alan" əsərləri əsasında hazırlanan tamaşaların nümayişi nəzərdə tutulur... Məlumat vermək istəyirəm ki, bütün teatrlarda Prezidentin tapşırığına əsasən, sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür".

Nazirin sözlərinə görə, tədbir çərçivəsində xüsusi sərgilər də təşkil olunacaq. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində "İslam Dünyasının Musiqi Mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Kolleksiyalarında" adlı sərgi. Heydər Əliyev Mərkəzində davam edəcək sərgilər cədvəl əsasında qurulacaq.

Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan Milli İncəsənət Muzeyinin Kolleksiyalarında İslam İrsi", Azərbaycan Xalça Muzeyində "İlahi Sənət: Naxışlar, İlmələr", Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət "İslam: Sülh və Birlik" adlı sərgilər və Muzey Mərkəzində "Azərbaycan İslam Abidələri" adlı fotosərgi açılacaq. "Nizami" Kino Mərkəzində isə "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. "Niyyət", "Buta", "Nabat" bədii filmlərinin, "Bakı - İslam Mədəniyyətinin Paytaxtı", "Bakı əsrlərin aynasında", "Bakı Birinci Avropa Oyunları", "Azərbaycan xalçası", "Çovqan", "Lahıc", "Qobustan - bəşəriyyətin beşiyi", "Hapıtlar", "Eviniz nurla dolsun", "Azərbaycan mətbəxi. Dad sonrası dad" sənədli filmlərinin nümayişi olacaq".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top