Şeir dövrü bitibmi? - Cavablar

Bu gün şeirə maraq azalıb. Şairlərin kitabları satılmır, qalaq-qalaq yığılıb qalır. Əslində şeirə maraq, nəsrə nisbətdə həmişə zəif olub. Lakin bu o demək deyil ki, nəsr şeirdən yüksəkdə dayanır. Şeirə marağın azalması ilə bəzi insanlar şeir dövrü bitirib fikrini səsləndirirlər. "Bəs doğrudanmı şeir dövrü bitib?" sualımızı qələm adamları cavablandırdılar.

"Bizi öldürən də, ölməyə qoymayan da budur"

Cavanşir Yusifli (ədəbi tənqidçi): "Bəlkə də hansı baxımdansa bitib, ola bilər, ancaq dövrə və müddətə hesablandığını kim dedi? Fransız şeirini oxuyuruq - əvvəlki hava, energetika yoxdu, ingilislərdə, başqa xalqlarda və sair, ancaq şeir, bədii mətn bütün bu ən müxtəlif havaları çəkib çıxarandır, burada elə bir güc, sirr və gerçəklik var ki, onun sayəsində nələrsə dəyişəndə sənə elə gəlir ki, daha yoxdu, bitdi. Dünyanın bütün "oyunları" dünyaya hər gələn, təşrif gətirən adamla yenidən başlayır, eyni obrazlar, metaforalar, eyni gül və çarpaz qafiyələr, təzə adam bunları birinci gördüyünü zənn edir. Aydın Əfəndi olub, rusca yazan azərbaycanlı şair, riyaziyyatçı, 90-cı illərin ən mükəmməl fiqurlarından biri, baxın, hər şey doğrudan da necə təzədir, əl dəyməmiş, pıçıltı eşitməmiş kimi. Bu "təzələnmələr" o qədər və elə bir mexanizmlə artır ki, qədimlərdə yazılanlarla indinin şeirlərini bir araya gətirirb söz demək olmur. Qətrandan üzü bəri baxın, dünya mənalar sistemi, seli, bağçası kimi təqdim edilir, indinin şeirlərinin çoxu mənanı yox, onun kölgəsini təsvir edir, effektə qaçır, sözün çılpaqlığından qorxur və üşənir. Bizim şair və yazıçılarımız "izm"lərdən qorxurlar, o mənada ki, ürəkdən gələni yazsalar, birdən deyərlər ki, məsələn, bu adam postmodernist deyildir. Həqiqi poeziya və ədəbiyyatın içində bunlar çox xırda məsələlərdir. Bu gün bir fransız, deyək ki, Giyom Apolinerin "Sena çayı" şeirini oxumaz, ancaq ona görə yox ki, köhnədi, məhz ona görə ki, bu şeirin və onun cövhəri artıq bu adamın qəlbinə möhür kimi vurulub. Bizim qəlbimizdə aşıq Ələsgərin, Saib Təbrizinin, Nizaminin, Xaqaninin, Molla Pənahın, Kişvərinin, Tufarqanlı və Nəbatinin şeirlərinin silinməz izləri var, bəzimizdə lap şırım kimi. Bizi öldürən də, ölməyə qoymayan da budur".

"Şeir dönəmi bitməyib, sadəcə bizim yolumuz, insanlığın yolu ondan uzaq düşüb"

Zahir Əzəmət (şair): "Şeir duyğudur, hissdir, emosiyadır. Günün insanı isə texnologiya ilə nəfəs alır və texnologiyaya nə qədər çox bağlanırsa, duyğuları bir o qədər korşalır, öləziyir. Dünya timsalında əsas səbəb budur. Azərbaycan kimi ölkələrdə isə bir də bura sosial durum, insanların gərginliyi kimi amillər də əlavə olunduqda şeirə maraq tamam arxa plana keçir. Şeir dönəmi bitməyib, sadəcə bizim yolumuz, insanlığın yolu ondan uzaq düşüb. İndi biz boz bir çöldə duyğusuz halda dolaşan, texnologiya ilə "silahlanmış" milyardlarla yolunu azmış, yarıyuxulu insanlarıq. Bəlkə də bir gün yollarımız kəsişəcək, bəlkə də yox. Doğrudan da bir gün şeir doğrudan da bitəcəksə, insanlıq da bitəcək deyə düşünürəm".

Kürçaylı Məmmədov (şair): "Oxucular kasıbdır. Nə şeir? Çörək pulu tapa bilməyən adama indi şeir satmaq olmaz. Bu hərəkət əbləhlikdir. Yaxşı şeirlər bu gün də yaranır. Amma şairlərin özü və ətrafından başqa kimə lazımdı bu şeirlər?".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top