Psixoloq: "Maddi çətinlik insanlarda aqressiya yaradır"

"Tarif Şurasının verdiyi son qərarlardan sonra insanlar arasında məyusluq hiss olunur". Psixoloq Elnur Rüstəmov “Yeniavaz.com”a açıqlamasında belə dedi. Psixoloq bundan sonra baş verə biləcəkləri belə şərh etdi: "Düşünürəm ki, bununla bağlı tədbirlər görüləcək, yeni iş yerlərinin yaradılması və minimal əmək haqlarının artırılması istiqamətində düşünəcəklər. Bütün insanlar psixoloji olaraq hazırlanmalıdırlar. Ailədaxili konfliktlər, münaqişələr, boşanma, intihar kimi hadisələrin artacağı istisna olunmur. Bəzən bunun tam əksi də olur. Biz normalda görürük ki, çətin situasiyada insanlar daha yığımcıl olurlar. Çətinlikləri aşmaq üçün daha çox çalışırlar və o çətinliyi aradan qaldırmaq üçün özünəgüvən yaranır. Çətinliklər olanda biz görürük ki, intiharların sayı azalır. İqtisadi göstəriciləri az olan ölkələrdə intihar halları az olur, iqtisadi göstəriciləri yüksək olanlarda intihar hadisələri dəfələrlə çox olur. İntihar təkcə yoxsulluqla bağlı faktor deyil. Tarif artımı hər bir sahəyə təsir edir. Bizim təkcə evdə yandırdığımız işiğın, qazın qiymət artımı ilə bitmir, istehsalata da təsir edir. Mən inanıram ki, bu qərarı verəndə nəsə düşünüblər, əks halda məntiqli görünmür. İnsanlarda gərginliyə, stressə səbəb ola biləcək bir qərar kimi qiymətləndirirəm. İnsanların bir qismi hələ də o fikirdədilər ki, Prezidentimiz o qərarı ləğv edəcək”.

"İqtisadi problemlər insan psixologiyasında böyük problemlər yaradır". Bu sözləri psixoloq Fərqanə Mehmanqızı sualımızı cavablandırarkən dedi. Onun sözlərinə görə, hər bir insanda eqo, yəni öz şəxsiyyətini təsdiq etmə hissi var: “Şəxsiyyəti təsdiq etmək üçün cəmiyyətdə mühit lazımdır. Belə neqativ hallarda özgüvənsizlik yaranır, özlərini təsdiq edə bilmirlər. Maddi durumu aşağı olanda insanlar öz potensiallarını göstərə bilmirlər. Bu da birbaşa ailəyə sirayət eləyir. Depressiyalar artdıqca insanlar psixoloqlara üz tuturlar. İmkansızlıq get-gedə artır. Bu günlərdə saytların birində belə bir şey oxudum - deməli, ata qızına cehiz ala bilmədiyi üçün özünü qatarın altına atıb. İnsanlar öz mənlərini təsdiq etmək üçün müxtəlif istiqamətə yönəlirlər. İqtisadi durum bu gün yeniyetmələrə də çox böyük təsir edir. Maddi çətinlik insanlarda aqressiya yaradır. Çöldə, maşında, hara çıxırsan bu gün insanların aqressiyası ilə üzləşirsən. Bu aqressiya insanların arasında soyuqluq yaradır”.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top