"Rişxənd edənlər sadəlövh lovğalardır" - Ərşad Hüseynovdan etiraz

"Baxıram ki, bəzi insanlar bu gün Bakıda az avtomobil olmasına rişxəndli münasibət bildirirlər. "5 santimetr qar yağdı, heç kəs maşın sürə bilmir" və s. başqa bu tipli fikirlər hətta efirdə də səslənir. Amma belə deyil. Həmin insanları (səbəbindən asılı olmayaraq avtomobili qoyub çıxanları) alqışlamaq lazımdır".

"Yeniavaz.com" xəbər verir ki, bu barədə "Digesta" hüquq mərkəzinin rəhbəri Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, belələrinə rişxənd edənlər ən azından sadəlövh lovğalardır: "Onsuz da avtomobil insanlığın başının bəlasına çevrilməkdədidr. Bu metal və plastmas yığını bizim çox acgöz həyat ortağımıza çevrilib, çoxumuzun da xəbəri yoxdur. Orta statistik bir avtomobilin alınmasına və saxlanmasına çəkilən xərc bir ailə üzvünə çəkilən cari xərcdən artıqdır. Bu, yaramaz planetin enerji ehtiyatını, oksigen ehtiyatını da insanlardan artıq dərəcədə tükədir. Hələ qəzalar-filan o yana qalsın.

Sadəcə ictimai nəqliyyatı yaxşılaşdırmaq lazımdır. Həm də müasir sağlam həyat tərzinə uyğun yerdəyişmə vasitələri, xüsusən, velosiped və piyada gəzmə daha geniş yayılmalıdır. Kimsə buzdan çəkinib, yola avtomobilsiz çıxırsa, onu alqışlayıram və düşünürəm ki, elə yaxın gələcəkdə normal havada da belələri ilk olaraq avtomobili həyətdə qoyub piyada gəzəcəklər".

Ərşad Hüseynov fikirlərinə onu da əlavə edib ki, Qərbdə və uzaq Şərqdə velosipedin çox geniş yayılması təsadüfi deyil: "Oralarda insanlar artıq avtomobilləşmənin fəsadlarını çox gözəl anlayıblar və qarajda 2-3 avtomobili olanlar da piyada, velosipedlə, avtobusla, metro ilə və s. gəzirlər".

DİGƏR XƏBƏRLƏR

Top