"Azərbaycanda satışda təbii göz yaşı var"

"Şəkərli diabet damarlara çox təsir edir. Göz damarları incə olduqları üçün daha çox təsirlənirlər". Oftalmoloq Fidan Ağayeva belə deyir. Onun sözlərinə görə, əgər vaxtında müayinə olunmasa, diaqnoz qoyulmasa göz tam sıradan çıxa bilər.

F.Ağayeva deyir ki, bəzi vitaminli qidalar göz üçün çox yaxşı təsir bağışlayır: "Amma əks effekt verən qida və içkilər də var. Məsələn, "qarasu" xəstəliyinin "qapalı bucaqlı" adlandırdığımız növündən əziyyət çəkənlərə çox miqdarda su, tünd çay, kofe içmək qəti qadağandır".

"İrsiyyət göz xəstəklərinin yayılmasında çox böyük rol oynayır"

Göz xəstəliklərində irsiyyətin roluna gəlincə, F. Ağayeva: "İrsiyyət göz xəstəklərinin yayılmasında çox böyük rol oynayır. Hətta elə uşaqlar var ki, anadangəlmə gözlərində "qarasu" olur, yəni uşaq bu xəstəliklə doğulur. Çox ağır xəstəlikdir, çox ağır da müalicə olunur. Hamiləlik dövründə ananın orqanizmində patalogiyalar da uşağın sağlamlığına mənfi təsir göstərə bilir".

"Həkim məsləhəti ilə apteklərdən təbii göz yaşı alıb tökə bilərlər"

Müasir dövrdə kompyuterdən, mobil telefondan istifadə etməyən az adam tapılar. Bu isə insanın gözünü yorur, zəiflədir. Oftalmoloq bildirir ki, gözə qulluq qaydalarına əməl etməklə gözü müəyyən qədər qorumaq olar: "Gözə qulluq qaydaları var. Göz xəstəliyi olmayan, ancaq kompyuter qarşısında oturan insanlar fasilələr verməlidirlər, sonra gözlərini gimnastika etdirməlidirlər. Məsələn, ən sadə bir yol deyim: açıq havaya çıxıb yaxına və uzağa baxmaqla gözü bir növ məşq etdirmək olar. Bundan əlavə, daimi kompyuter qarşısında oturanlarda göz yaşı ifrazı zəifləyir. Belə problemi olanlar həkim məsləhəti ilə apteklərdən təbii göz yaşı alıb tökə bilərlər. Apteklərin demək olar ki, əksəriyyətində təbii göz yaşı satılır. Əgər göz daimi qaşınırsa, yaxud daimi ifrazat varsa, demək nə isə problem var. Bəziləri dayanmadan gözlərini ovxalayırlar, amma həkimə müraciət etmirlər. Xüsusən, 9-25 yaş arası oğlan uşaqlarının bir çoxunun gözündə payız və yaz fəsillərində gözlərində güclü qaşınmalar olur. Biz buna "Bahar xəstəliyi" deyirik. Allergik bir xəstəlikdir".

"Gözə baxmaqla digər xəstəliklərin də mövcudluğunu bilmək olur"

Oftalmoloq göz xəstəliklərinin sayının çox olduğunu deyir: "Müəyyən insanlar var ki, deyirlər adi gözdür, orada nə ola bilər. Göz xəstəliklərinin o qədər növü var ki. Bəzən insanlar özləri deyirlər ki, keçib gedər. Gedirlər oradan soruşurlar, buradan soruşurlar. Gözün bədxassəli şişləri bilirsinizmi, nə qədər yayılıb. Hansısa orqanda metastaz gedir və sonradan o gözdə özünü biruzə verir. Gözə baxmaqla digər xəstəliklərin də mövcudluğunu bilmək olur. Məsələn, elə insanlar var şəkər xəstələri olduqlarını, yaxud qan təzyiqindən əziyyət çəkdiklərini bilmirlər. Gözə baxıb qaraciyərdə problem olduğunu bilmək mümkündür. Belə hallarda biz həmin xəstələri müvafiq həkimlərə yönəldirik".

"Təsadüfi yerlərdən linza almayın"

Bir çox xanımlar linzadan istifadə edirlər. F. Ağayeva təsadüfi yerlərdən linza almamağı məsləhət görür: "Kim hardan gəldi linza alır. Linzaların saxlanma qaydaları var, taxılma qaydaları var. Həkim məsləhəti ilə almaq daha doğru olardı".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top