Ölmək üçün nə qədər pul lazımdır? - CƏDVƏL

Ötən il ölkə üzrə ümumilikdə 54 min 697 nəfər vəfat edib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı son hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, vəfat edənlərin arasında azyaşlı uşaqların kimsəsizlərin və qeyri-azərbaycanlıların sayı 2 min nəfərdən çox deyil. Buradan belə nəticəyə gəlmək olar ki, vəfat edən insanların ən azı 52 min nəfərinə "müasir" adət-ənənəyə uyğun şəkildə yas mərasimi keçirilir. Hər kəsə məlumdur ki, hazırda ölkədə yas mərasimlərinin təşkili ilə məşğul olan sahibkarlar fəaliyyət göstərir və həmin sahibkarlar vəfat edən şəxslərin yaxınlarına müxtəlif xidmətlər təklif edirlər. Yas mərasimlərində nə qədər vəsaitin xərcləndiyini öyrənmək məqsədilə təklif edilən xidmətlərin qiymətlərini müəyyən etməyə çalışdıq. "Yas bazarında" qiymətlər müştərilərin nə istədiyindən asılı olaraq dəyişir. Məsələn, kondisionerli çadırın qiyməti digərlərindən ən azı 50-100 manat baha olur. Ümumiyyətlə, qiymətin dəyişməsinə hər şey təsir edir. Yeməyin çeşidi, qab-qacaq dəstinin forması, hətta ofisiantların geyimi belə qiymətlərə təsir edir. Ofisiantların eyni geyimdə olmasını istəyənlər daha çox pul ödəməlidirlər. 300 nəfərlik yas mərasiminin 2 min 500 manatdan aşağı təşkil edilmir. İmkanlı şəxslər üçün isə 10 min, hətta 15 min manatlıq xidmətlər təklif edilir. 120-150 nəfərin eyni vaxtda otura biləcəyi çadırların qab-qacaq, stol-stul və digər avadanlıqlarla birlikdə birgünlük kirayə haqqı ən azı 400 manata bərabərdir. Çadırda kondisionerin olmasını istəyənlər kondisionerin sayından asılı olaraq, 50-100 manat da əlavə ödəməlidilər. Ən çox yeməklər üçün pul xərclənir. Əgər stola aş, aş qarası, dovğa, halva, meyvə, qoğal, qənd, limon, bir neçə çeşiddə konfet, adi və qazlı sular, çörək, xiyar, pomidor, göyərti, pendir və turşu qoyulursa, o zaman belə menyunun bir nəfər üçün qiyməti təxminən 10 manat olur. Bundan başqa, ofisiantların, çayçının, qabyuyanın və aşpazın pulu ayrıca hesablanır. Adətən, 120 nəfərlik çadırda 4 ofisiant, 1 qabyuyan, 1 aşpaz və 1 çayçı olur. Ofisiant, qabyuyan və çayçıların hər birinə 20, aşpaza isə bir gün üçün 50 manat verilir. Bütün bu sadalananlar bir gün ərzində çəkilən xərclərdir. Bir şəxs üçün il ərzində dəfələrlə (“3”, “7”, “cümə axşamları”, “40”, “52” və “il”) yas məclislərinin təşkil edildiyini nəzərə alsaq, o zaman bu məbləğ dəfələrlə artacaq. Eyni zamanda vəfat edən şəxsin yaxınları yas məclislərindən əvvəl həm də mərhumu dəfn edərkən pul xərcləməli olurlar. Buraya qəbir yerinin alınması, qəbrin qazılması, ölünün yuyulması, nəqliyyat və molla üçün çəkilən xərclər, həmçinin başdaşının qoyulması daxildir. Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakıda qəbir yerinin alınması üçün orta hesabla 250, qəbrin qazılması üçün 50, ölünün yuyulması üçün 20, nəqliyyat üçün məsafədən asılı olaraq 50-100, molla üçün 50, mərmərdən hazırlanan başdaşının qoyulması üçün isə 1600 manat ödəmək lazımdır. Sadaladığımız bütün bu rəqəmləri üst-üstə gəldiyimiz zaman məlum olur ki, il ərzində bir nəfərin yas mərasimi üçün orta hesabla 16 min 420 manat pul xərclənir. Yuxarıda qeyd etdiyimiz kimi, ölkədə il ərzində 52 min şəxsin vəfat etdiyini nəzərə alsaq, deməli, yas mərasimi adı altında hər il 853 milyon manatdan çox vəsait israf olunur.

DİGƏR XƏBƏRLƏR

Top