"Torpağın arzusu"nun tarixçəsi

"Torpağın arzusu"... Bu, Azərbaycan təbiətinin bənzərsiz tərənnümçüsü, xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin 34 illik yaradıcılığının ən yaddaqalan əsərlərindən sayılır. Bu barədə məlumat verən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, "Torpağın arzusu" adı ilə (rəssamın özü kətan üzərindəki yazıda əsəri "Torpağın həsrəti" adlandırıb, onun niyə dəyişdirildiyi məlum deyil) bu gün də Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən bu əsər 1963-cü ildə çəkilib: "Çoxları yəqin ki, burada Bakı ilə Sumqayıt arasında yerləşən Ceyranbatan gölünün təsvir olunmasından xəbərsizdir. O vaxtlar bu göl paytaxtı içməli su ilə təmin edən iki mənbədən biri idi və onun altmışıncı illərin əvvəllərində qurumağa başlaması və bu səbəbdən də suyunun azalması barədə yayılan xəbərlər hamı üçün, o cümlədən rəssam üçün çox təəssüfləndirici idi. Bu ətrafda söz-söhbətin səngimədiyi günlərdə Səttarda bu acı mənzərəni öz gözlərin ilə görmək istəyi yaranır. Adətən yaxın-uzaq yerlərə tək getməyi xoşlamayan rəssam bu dəfə özü tək Ceyranbatana yollanır. Sumqayıta gedən avtobusa minir və gölün yanında maşından düşür. Vaxtaşırı Azərbaycan təbiətinin insanı ehtizaza gətirən guşələri ilə göz-gözə, üz-üzə qalmağa adət etmiş rəssam elə yerə ayaq basıb gölə üz tutduğu andan buradakı cansıxıcı görüntüyə hələ bir az da acıyır. Bu gün göl ətrafında nisbətən sıx meşə zolağına tuş gələn müasirlərimiz üçün, bəlkə də, o vaxt mövcud olmuş cansıxıcı gölətrafı mənzərəni göz önündə canlandırmaq bir qədər çətindir. Ancaq, doğrudan da, o vaxtlar bu yerlər indikindən çox fərqli olmuşdur. Rəssam gölə qədərki bozumtul boşluğu arxada qoyub gölə yaxınlaşır. O, gölün suyu çəkilmiş sahili boyunca dolaşan zaman cadar-cadar olmuş torpağın altından var-gücü ilə işıqlı dünyaya baxmağa can atan tək bir lalə qönçəsinə rast gəlir. Rəssam təbiətin bu zərif varlığının böyük arzusunu dərindən duyur. Hiss edir ki, buraların laləzara dönməsi bütün torpağın arzusudur. Əyilib lalənin baş qaldırmasına mane olan kəsəyi ehmalca qoparır və xeyli vaxt sinəsi xallı qönçəyə, bir də ətrafa - bozumtul çöllərə baxır. Başqa sözlə desək, qönçənin və torpağın arzusunu duyur. Emalatxanaya qayıtdıqdan sonra həsrət çəkən "Torpağın arzusu"nu yaradır...

Tabloda Ceyranbatanın ətrafı buralar üçün bir qədər səciyyəvi olmayan al qumaşa bürünmüşdür. İstər öndəki döşü xallı saysız-hesabsız lalələr və bu gözəlliyə göz qoyan quşlar, istərsə gölarxası hündürlüyü ərşə çatan su fəvvarələri və sıralanan mavi dağlar olduqca romantik və təsiredicidir. Başqa sözlə desək, yüzlərlə rəssamın Abşeronun bir qədər onlara cansıxıcı görünə biləcək bu guşəsində görə bilmədikləri gözəllik qaynaqlarını Səttar Bəhlulzadə bu bircə gəlişi ilə tapmışdır, desək, yanılmarıq. Rəssamın geniş bədii ümumiləşdirmələrlə təqdim etdiyi fəlsəfi ideyanın gerçəkliyinə inamı ilk növbədə kompozisiyanın açımına xidmət edən detalların seçimi şərtləndirmişdir. Əslində nə o vaxt, nə də sonralar bu gölün ətrafı bu cür laləliyə dönməmişdir. Heç gölün arxasında bir vaxtlar mövcud olan üzümlükləri suvaran su mənbəyinin havayı "boylanması" da, rəssam təsvir etdiyi həddə deyildir. Amma rəssamın romantik təxəyyülünün nəticəsi olan "Torpağın arzusu" epik-fəlsəfi lövhəsi bizi inandırır ki, su olan yerdə gözəllik olmalıdır. Odur ki, əsərdəki real və şişirtmə detallar, onların duyulası azlığından "inci" düzənləmək və məkanın obrazlaşmasına xidmət edən bədii yozumlar tamaşaçı tərəfindən təbii qəbul olunur. Məhz gerçəkliyə Səttar vurğunluğu və onun adi təbiət motivini fəlsəfi qayə ilə bələyə bilmək istedadı təsvir olunanların reallığına bizi inandırır. Odur ki, bir çox əsərlərindəki kimi "Torpağın arzusu"nda da təbiət olduğundan əlvan və təravətli, bəlkə bir az da fantastikdir. Rəsam özü həmişə deyərdi ki, Azərbaycan torpağının hər hansı guşəsini tanımaq üçün yox, tanıtmaq üçün çəkir. Ceyranbatan gölünə münasibət də elə bu cür olub..."

DİGƏR XƏBƏRLƏR

Top