Robotlar insanlardan daha "ağıllı” olacaqlar​

XX tura yekun vuruldu: “Qarabağ” uduzdu

Ərdoğan qadın jurnalistin siqaretini alaraq tullayıb - FOTOLAR

çərşənbə axşamı, 28 fevral 2017

Menu

çərşənbə axşamı, 28 fevral 2017

HƏMSÖHBƏT

Vasif İsmayıl: "Maaşımız azdır" deyib camaatı bədbəxt etməkdənsə, haqqımızı tələb etməliyik" - VİDEO

05.12.2016 16:59

Vasif İsmayıl... Bu ad çoxlarına tanışdır. O, peşəkar uroloq-cərrah olmaqla yanaşı, aktiv sosial şəbəkə istifadəçisidir. Gündəlik həyatımızla, sosial problemlərlə bağlı sosial şəbəkədə tənqidi fikirlər də bölüşür, təkliflər də irəli sürür. Bir sözlə, yazdığı statuslar çoxları tərəfindən bəyənilir, müzakirə edilir, paylaşılır...

Vasif bəyin həm də maraqlı müsahib olacağını düşünüb, onu "Yeniavaz.com" saytının redaksiyasına dəvət etdik. Beləliklə, həmsöhbətimiz

tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıldır.

- Biz sizi dəvət edəndə xaricdə olduğunuzu dediniz, necə keçdi səfəriniz?

- Nigeriyaya səfər etmişdik, səfərimiz çox məhsuldar keçdi. Ümümiyyətlə, mən yaxşı və ya pis sözlərinə nisbi baxıram. Beynəlxalq Türk Uroloq qrupu var, lakoroskopiya təhsili verən bir qrupdur. Qrupun rəhbəri prof. Yaşar Özgürdür. Qrupda Azərbaycandan, Almaniyadan, Rumıniyadan həkimlər iştirak edirdi. Bu tədbirdə Avropa urologiyası haqqında nigeriyalı həkimlərə laporoskopik urologiya kursu keçirildi. Tədbir Nigeriyanın Kalabra şəhərində baş tutdu. Yeni münasibətlər qurduq, yeni təəssüratlar əldə elədik.

- Sosial şəbəkədə aktivsiniz, fikirlər bildirirsiniz, səmimi əlaqələr qurursunuz insanlarla. Bu qədər işdən necə vaxt tapırsınız?

- Həkimlər danışmağı sevirlər. Mənim ətrafımda olan həkimlər də bir şəkildə fikirlərini bildirirlər. Bəlkə məndə bir az auditoriya daha genişdir, bilmirəm. Xüsusi ekstra bir şey görmürəm. Düşündüklərimi cəsarətli şəkildə deməyi sevirəm. Bəzən insanların reaksiyası ilə qarşılaşırsan, sənin reaksiyandan sonra bəlli olur ki, sən nə qədər səmimisən. Mən də səmimi fikirlərimi bildirirəm, hesab edirəm ki, digər həkimlər də belədir”.

- Evdə, işdə bəs necə, eyni xarakterdi, ya arada böyük fərq var?

- Sözün açığı, mənim üçün ev, iş, dostluq, düşmənçilik və s. ayırması yoxdur. Çox adam mənim fərqli olduğumu düşünür. Ancaq mən hər yerdə eyni xüsusiyyətə malik olan insanam. Bir şəkildə özüm-özümə cavab verib Vasif İsmayıl olmağa çalışıram. Təbii ki, evdə işi müzakirə edə bilmirsən, işdə evi müzakirə etmək doğru deyil. Mənim həyatda ən çox diqqət ayırdığım şey komfortdur. İnsan gərək özünü komfortlu hiss eləsin. Allaha şükür, buna nail oluram!

- Doktor, Azərbaycanda tibbin vəziyyəti haqqında danışaq. Necə inkişaf edir, əgər inkişaf vardısa, tibbin hansı sahəsi üzrə inkişaf var ki, bu digər ölkələrin diqqətini çəkir və örək götürürlər?

- Bu sual çox geniş və maraqlı sualdır. Burada iki tərəf var: bir Azərbaycanda tibb sahəsi inkişaf edirmi? İkincisi, Azərbaycandakı tibb digər cəmiyyətlər üçün nə qədər maraqlıdır...? Birinci şəkildə baxsaq görərik ki, tibb inkişaf edir. İnkişaf edir demək odur ki, bir tibbi xidmət içində müxtəlif çeşidlər tətbiq olunur. İkinci - tibbin keyfiyyəti artmalıdır. Artıq burda hər ikisi baş verir. Baxsaq görərik ki, bu on illikdə əvvəlki on illikdən yaxşı nəticələr əldə olunub. Tibbi xidmətin keyfiyyəti və çeşidi cəhətdən inkişaf var. Hər il bu məsələyə zəhmət və əmək sərf olunur. Yeni klinikaların açılması, maddi-texniki baza və kadr bazası yenilənir. Belə baxanda vəziyyət yaxşı görünür. Azərbaycanda səhiyyə yerində durmur, inkişaf edir. Bunun başqa bir tərəfi var. Azərbaycandakı səhiyyə digər ölkələrdə nisbətdə necə inkişaf edir? Sözün açığı, Azərbaycanda səhiyyənin inkişafından o qədər də razı deyiləm. Bunu insanların klassik düşüncəyə bağlamalarını istəməzdim. Bunu ayrı bir aspektdən yanaşaraq deyirəm ki, biz çox yavaş gedirik. Bir neçə il əvvəl urologiya, ürək cərrahiyəsi sahəsində Rusiyadan qabaqdaydıqsa, Rusiya tezliklə bizi gəlib keçdi. Rusiyanı ona görə misal gətirdim ki, digər qonşularımızdan biz səhiyyədə qabaqdaydıq. Elm öz sahəsinə həmişə şübhəçi yanaşır. Mən də eləcə öz məsələlərimizə şübhəçi və tənqidi mövqeden yanaşıram. Azərbaycan böyük cəmiyyətlərlə özünü müqayisə etməlidir. Ancaq Azərbaycanın səhiyyəsi qənaətbəxş deyil. İkinci bir məsələ bizdəki səhiyyəyə etibar yoxdur. Bu gün Azərbaycan səhiyyəsini inkişaf etdirib cəmiyyətimizə mədəni şəkildə kömək etmək lazımdır. Böyük xarüqələr yaratmaqdansa, ətrafımızda olanlara kömək etməyi öyrənməliyik. Bu səpkidə işlənilməlidir.

- Bizdə xüsusən, orta nəsildən olan insanlar bu fikirdədirlər ki, Sovet dövrünün həkimləri daha savadlı olub...

- Sovet nostalgiyası... Sovetin bir fərqi var idi. İnsanın düşünməsinə məhdudiyyət qoyurdu. Bu hər işdə keçərliydi. İnsanın düşünməsinə mane olurdu. Mən düşünərəm, mən hər şeyi edərəm deyirdi. Sovet tibbi yarıtmaz və sistemin digər parçaları kimi tamamilə yalandan ibarət idi. İnsanlarımız ona görə sevirlər ki, başqa dərmanlar yox idi. Bilmirdilər ki, bir insana pensilin vuranda qışqırmamalıdır. Bir insana hər şey üçün - başdakı infeksiyadan tutmuş, ayağa qədər olan bir xəstəliyə təkcə kristal pensilin vurmaq olmaz. Demək istədiyim odur ki, sovet dövründə iki-üç sadə dərmanlar mövcud idi. Nə farmokologiya, nə tibbi praktika sahəsində, nə də elmi tərəfdən inkişaf yox idi. Biz bu gün niyə Azərbaycandakı insanların səhiyyə ehtiyacını qarşılaya bilmirik? Çünki bu əskiklik sovet dövründən gəlir. Cəmiyyət daha sürətlə inkişaf elədi, səhiyyə təlabatı daha sürətlə artdı, amma səhiyyə inkişafdan qaldı. Bu qədər avadanlıqlar alınıb, bu qədər kadrlar hazırlanıb, ancaq hələ də kifayət eləmir. Səhiyyədə qeyri-şəffaflıq var. İnsanlar şikayət edir ki, həkimə gedirik, pul istəyir. Bax bunların hamısı sovetdən gəlir. Heç kəs mənə deməsin ki, biz sovet vaxtı pulsuz xidmət alırdıq, xeyr, pulsuz xidmət yox idi. İki-üç dərman var idi, bircə onlar pulsuz idi. Bəli, boynuma alıram ki, sovet dövründə həkimə daha çox etibar olub. Bizim ən böyük problemimiz odur ki, soveti geri qoya bilmirik. Gürcüstan bunu bir neçə il öncə elədi. Açıq şəkildə bəyan etdi ki, mən sovetdən qalan mirasımı daşıya bilmirəm və bu mirasdan imtina edirəm. Tamamilə sıfırdan tibb xidməti qurmağa başladı. Bu digər sahələr üçün də keçərlidir. Azərbaycanda səhiyyənin inkişafı, təhsilin inkişafından daha yaxşıdır. O demək deyil, həkimlər daha ağıllıdır müəllimlərdən, xeyr, sadəcə bizim tibbi iş konkretdir. Soveti görmüş adam, başqa heç nə bilmirdi. Məsələn, başqasının atasını görməmisinizsə, 1,55 boyunda atanız sizə div kimi görünəcək!

- Sizə görə bizim cəmiyyətin vəziyyəti necədi - fiziki sağlamlıq baxımından.

- Bizim cəmiyyətin fiziki sağlamlığı problem yaşamağa başlayıb. Ancaq əqli sağlamlığı qlobal vəziyyətdədir. Əvvəl təhsili olmayan gedib, fəhlə, sürücü ola bilirdisə, indi sistem o qədər qarışdı ki, elə adamlar gedib istənilən vəzifədə ola bilirlər. Bir həkim dostumuz demişdi - əsgərlikdən həkim komisiyyasına rəy almaq üçün göndərilənlər var. Müayinə üçün göndərilən əsgərlər var, həqiqətən, onları əsgərliyə aparmaq olmaz. Bu uşaqların gözü yerində, əl-qolu yaxşı işləyir. Bu uşaqların problemi heç bir cavabdehlik daşıya bilməmələri, təhsilin sıfır səviyyədə olması, adlarını yaza bilməmələridir. Yaşın, məktəbi neçənci ildə bitirdiyini soruşursan anası onun yerinə cavab verir. Həmin həkim dostum deyir ki, bunlarda dibillikdir (zəif və zəkası kütlük). Bu insanların dünyagörüşü yoxdur, bu insanlar cəmiyyətdə böyüyürlər, sabah maşın alırlar, gəlib sizin qızınızla evlənmək istiyirlər, sizin maşınınızın ustası olurlar, yəni biz bu insanlara həyatımızı etibar edirik. 18-19 yaşlı bir insanın özünə cavabdehlik daşıya bilməməsi cəmiyyət üçün çox qorxuludur. Bunlar yaxşı yetişdirilmirlər, dibil qalırlar. Bunun elmi adı infantilizmdir. Böyümüş uşaqların dünyagörüşünün, əqli inkafının zəif olması deməkdir. Bu gün bizim fiziki sağlamlığımız da yaxşı deyil. Çox və ya az qidalanma şərt deyil, kifayət qədər qidalanmaq elə kifayət qədər qidalanmaq deməkdir. Qeyri-orqanik qidalanma, ayaq üstü qidalanma Azərbaycanda artıb. Azərbaycanda yoğun bağırsaq xərcəngi, prostat xərçəngi, süd vəzi xərçəngi mədə və yoğun bağırsaq xərçəngi artacaq.

- Bəzən xəstələr həkimləri qınayırlar ki, qayğı ilə yanaşmırlar, candərdi müayinə edirlər. Siz pasiyentlərinizlə necə əlaqə qurursunuz, müayinə etdiyiniz insanlar razı qalırlarmı?

- Hamısı razı deyil, eyni iddianı mənə qarşı da irəli sürürlər (gülür). Xəstələr haqlıdırlar. Bu bütün dünyada olan problemdir. Mən özüm üçün bəzi qərarlar qəbul elədim: müayinə otağında olanda xəstənin hər vəziyyəti ilə maraqlanacam, müayinə otağından kənara çıxdım - telefonda, internetdə, liftdə heç kimin suallarını cavablandırmıram. Bizim insanlar həkimləri bütöv bir qurum kimi görür. Bütün suallarını ona istiqamətləndirir. Əslində yaxşı bir şeydir.

“Azərbaycan xalqı bir şəkildə həkimi dolandırır”

- Bəzi həkimlər xəstələrinə lazımlı, lazımsız dərmanlar yazırlar və "tərəfdaş" olduqları apteklərə yönəldirlər. Həkimin xəstədən bu qədər ummasının səbəbi sosial-məişət çətinliyidir, yoxsa sənətini, insanları sevməməsidir?

- Bu, etik problemidir, bu, tərbiyəsizlikdir! Qardaş, bu iş səni mane etmirsə, get, başqa iş gör. Mən bunun haqqında danışmışdım. Həkimlər polikilinikalarda yarım ştat işləyib, özəldə də işləyə bilərlər. Təcili yardım həkimi dedi ki, bəs biz nə edək? Onların işi bir az çətindir, həmçinin bölgələrdə bu daha çətindir. Azərbaycanda tibb işçisinə praktik olaraq maaş çox az verilir, hətta heç bir şey verilmir deyə bilərik. Bu, yaşamağa yox, gündəlik cib xərclərinə belə çatmır. Bu çətinliklər olsa belə, nəfs gərək qeyri-etik şeylər etməyə yönəlməsin. Azərbaycan xalqı bir şəkildə həkimi dolandırır. Siz ona beş dərman yazıb, üçünün pulunu cibinizə atmağa çalışmayın. Siz ona lazımi qədər dərman yazın, on xəstədən beşi sizə heç nə verməyəcək, üçü kiçik miqdarda haqqınızı qarşılayacaq, ikisi də lazımi şəkildə könlünüzü görəcək. Pul xətrinə xəstələrə artıq dərmanlar yazmaq, artıq əməliyyatlar etmək lazım deyil. Həkim səhv edə bilər, ancaq başdan sənin niyyətin əyri yolla getməkdirsə, qətiyyən bunun heç bir izahı yoxdur. "Maaşımız azdır, uşağım xəstədir" kimi bəhanələr həkim üçün düzgün sayılmaz və mən kəskin qınayıram. Məsələ hər bir sənət adamına aiddir.

- Maddi vəziyyətdən danışdınız, bəs siz aldığınız həkim maaşı ilə dolana bilirsinizmi?

- Mən həkim maaşı yox, universitet maaşı alıram. Biz bir az da cərrahi profildə olan insanıq. Bundan iş qazancı alırıq. Çox şikayət etməyə ixtiyarım yoxdur. Yekə-yekə danışmaq həkim dostlar arasında geniş yayılıb. İş qazancı olmayan insanlar da var, bunu unutmaq olmaz. Həkimi iş qazancına tabe etmək düzgün deyil. Mən yüz xəstə görsəm, yüz manat alıram, səksən xəstə görsəm səksən manat alıram. Mən insanam, içimdə acgözlük var. Yüz xəstəni yüz əlli etdiyim üçün keyfiyyət aşağı düşür. Sistem buna imkan verməməlidir. Həkimin fiks maaşı olmalıdır.

- Deputat deyir ki, müəllim dərsdən sonra daş daşısın, hörgü hörsün. Həkimlər səhər işə gəlib axşam çıxırlar. Maaş qane etməyəndə onlar hansı işlə məşğul olurlar?

- Şəhərdə bu bir qədər rahatdır, ancaq bölgələrdə həqiqətən çətindir. Çünki bunlar özəl praktika keçməlidirlər əlavə pul qazanmaq üçün. Etik, halal bir şəkildə əlavə gəlir mənbəyi belə ola bilər. Əgər onların imkanı olmasa, əyri yollara getməyə başlayırlar, bunun da ən yaxşı yolu xəstədən pul istəməkdir. "Maaşımız azdır deyib" camaaatı bədbəxt etməkdənsə, haqqımızı tələb etməliyik. Mən niyə etiraz eləmirəm? Dövlət mənə bir şəkildə şərait yaradıb, şərait yaradılmayan insanlarda var.

- Müalicə almaq üçün ökədən xaricə gedən xəstələr az deyil. Bunun səbəbi peşəkar həkim azlığıdır, yoxsa bizim ölkədə dərmanların və əməliyyatların baha olması?

- İki səbəbi var: tibbi xidmət bahadır, daha doğrusu, nisbətən baha olduğunu düşünürlər. İkincisi isə etimad zəifliyidir. Məncə, ən böyük səbəb ucuzluqdur. Gedilən ölkələrə İran, axır vaxtlar Gürcüstan da əlavə olunub. Xəstələr bu respublikalara müalicə üçün gedirlər. Son vaxtlar ora gedən insanların sayı dəfələrlə azalıb.

- ATU-dan yüzlərlə həkim məzun olur. İmkanı olan xaricdə təhsilini davam etdirir, bəziləri yerli klinikalarda çalışır. Xaricdə oxuyub qayıdan həkimlə, xaricdə oxumayan həkim arasında fərq yaranır. Həm ad, həm də savad məsələsində. Bunu necə sistemləşdirmək olar?

- Artıq dövlət bunu sistemləşdirdi. Bu gün Azərbaycanda da rezidentura sistemi var. Buna görə təbrik eləmək lazımdır. Bu, elə-belə iş deyil. Azərbaycanda rezidenturanı sakitcə qura bildilər. Türkiyədə bu inqilab nəticəsində baş vermişdi. Mən 2003-cü ildə Azərbaycana gələndə neqativ hallar çox idi. Bu gün belə şeylərə çox az rast gəlinir, əsas problem indi Azərbaycanda tibb təhsilinin keyfiyyətini artırmaqdır.

- Peşəkar həkim kimi, gənc həmkarlarınıza nə məsləhət görərdiniz?

- İşinizi sevin. Sizin namusunuz, qeyrətiniz, ailəniz , ən əziziniz sizin peşənizdir. Bəziləri deyirlər ki, mən ailəmi hər şeydən üstün tuturam, mən açıq deyirəm ki, mənim üçün işim, peşəm hər şeydən üstündür . Mənim peşəm vicdanımın ağasıdır. Öz peşənizə hesabat versəniz, uğur qazanarsınız. Cəmiyyət də hər zaman sizi qiymətləndirər. Hər şeyin kökünü yaxşı qoymaq lazımdır. Elə-belə, kök üzərində böyük ağac inkişaf eləmir. Sizin kökünüz peşənizdir, peşənizi sevin.

Söhbətləşdi: Ruzbeh Məmməd

Oxundu: 3121

© 2017 - NSPSOLUTIONS