Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

HƏMSÖHBƏT

Şair, musiqiçi, rəssam, idmançı diplomat - İndoneziyanın ölkəmizdəki səfiri - FOTOLAR - VİDEO

03.12.2016 17:41

Əhalisinin sayına görə dünyanın ən böyük 4-cü ölkəsi olan İndoneziyanın Azərbaycanla geniş iqtisadi əlaqələri mövcuddur. İndoneziya Azərbaycandan xam neft alan əsas ölkələrdən biridir. Amma son zamanlar iki ölkə arasında digər sahələrdə, xüsusən də turizm sahəsində əlaqələrin genişləndiyi müşahidə olunur. "Yeniavaz.com" bu ölkəni Azərbaycanda təmsil edən səfir Husnan Bey Fananie ilə görüşərək ondan Azərbaycanla bağlı fikirlərini öyrənməyə çalışıb.

- Cənab səfir, İndoneziyanın Azərbaycandakı səfirliyi nə zamandan fəaliyyət göstərir və bugünə kimi iki ölkə arasındakı əlaqələrin inkişafı üçün hansı işlər görülüb?

- İndoneziyanın Azərbaycan Respublikasındakı səfirliyi 2010-cu ildə fəaliyyətə başlayıb. Bundan əvvəl - 2006-cı ildə Azərbaycanın İndoneziyada səfirliyi açılmışdı. Bu hər iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını göstərir. İndoneziyanın Bakıdakı səfirliyi olaraq xalqlarımızın, dostluğu və rifahı üçün fəaliyyət göstəririk. İnşallah, iki dövlət arasındakı münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bizim Azərbaycandakı səfirliyimizin ilk missiyası əlaqələrin siyasi, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsinə nail olmaqdır. Yəqin məlumunuzdur ki, İndoneziya dünyanın sayca ən çox müsəlman olan ölkəsidir. Dünya müsəlmanlarının böyük bir hissəsi İndoneziyada yaşayır. Eyni zamanda Azərbaycan da müsəlman ölkədir. Buna görə, mənə elə gəlir ki, iki dövlət arasında güclü əlaqələr qurulmalıdı. Digər məsələ isə ticarət və iqtisadi sahələrdəki əlaqələrdir. Hazırda, həmin əlaqələr çox yaxşıdır. İndoneziya Azərbaycandan xam neft alır. Daha dəqiq desək, İndoneziya İtaliyadan sonra Azərbaycandan ən çox xam neft alan ikinci dövlətdir.

- Azərbaycana nə zaman təşrif gətirmisiniz? Səfir kimi fəaliyyət göstərdiyiniz dövrdə iki ölkə arasında hansı məsələləri həyata keçirməyə çalışacaqsınız?

- Hər iki dövlət arasındakı ikili münasibətlər ildən ilə daha da yaxşılaşır. Mən 2016-cı ilin mart ayından Azərbaycanda fəaliyyətə başlamışam. Həmin dövrdən başlayaraq iki dövlət arasındakı münasibətlərin daha da sürətli inkişaf etməsinə çalışıram. Əslində bizim münasibətlərimiz təkcə hökümətlər arasındakı işbirliyindən ibarət deyil. İndoneziya və Azərbaycan xalqları arasındakı münasibətlər, mədəni münasibətlər, təhsil sahəsindəki münasibətlər də inkişaf etdirilir. Məlumdur ki, Türkiyə və Azərbaycan dost və qardaş ölkələrdir. Hətta belə bir şuarınızda var ki, siz "bir millət, iki dövlətsiniz". İstərdim ki, Azərbaycan və İndoneziya arasındakı əlaqələr də belə sıx və möhkəm olsun. Türkiyə, Azərbaycan və İndoneziya xalqları da bir millət kimi bir-biri ilə yaxın olsunlar. Bizim buradakı fəaliyyətimizin əsas məqsədi bundan ibarətdir. İstərdim ki, azərbaycanlılar qardaş İndoneziyaya daha çox səfərlər etsinlər. Digər ölkələrə yox, məhz qardaş ölkələrə - Türkiyəyə və İndoneziyaya səfərlər etsinlər.

- 25 ildir Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan tərəfindən işğal altında saxlanılır. İşğal faktı beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən də BMT-ni qəbul etdiyi 4 qətnamə ilə tanınıb. Buna baxmayaraq Ermənistan hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmir...

- İndoneziya çalışır ki, Azərbaycan öz haqqını, torpaqlarını sülh yolu ilə həll etsin. Bu işdə İndoneziya daim Azərbaycana dəstək olub. Azərbaycanın haqqını, daha doğrusu, ərazi bütövlüyünü tanıyır və Qarabağ məsələsində sizi dəstəkləyir.

- Bizim üçün maraqlıdır: İndoneziya xalqı, ictimaiyyəti və siyasətçiləri Daqlıq Qarabağ məsələsindən nə qədər məlumatlıdırlar?

- Əlbətdə, Azərbaycana gəlməzdən əvvəl Qarabağ məsələsilə bağlı bizim kifayət qədər məlumatımız var idi. Çünki, Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu məsələdə çox aktivdir. Bununla bağlı yetərincə təbliğat və təşviqat işləri görür. Bu səbəbdən İndoneziya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsilə bağlı məlumatı var. Mən bura səfir təyin olunmazdan öncə İndoneziya parlamentində işləyirdim. Oradakı fəaliyyətimdə də bu məsələ haqda məlumatlı idim. Çünki, müsəlman xalqı olaraq, Azərbaycan xalqının problemlərini bilirik. Əslində Dağlıq Qarabağ problemi çox da qəliz məsələ deyil. Azərbaycan silahlı qüvvələri istəsə işğal olunmuş torpaqlarını qısa müddətində geri ala bilər. Çünki, Azərbaycan bu gücə sahibdir. Sadəcə, burada müxtəlif hərbi qüvvələrin toqquşmasına ehtiyac yoxdur. Burada xalq zərər görə bilər. Digər tərəfdən isə ölkənin siyasi maraqları var. Bu səbəbdən bu problemin sülh yolu ilə həll olunmasına çalışılır. Heç şübhəsiz, biz Azərbaycanı dəstəkləyirik. Həmin torpaqlar Azərbaycanındır. Təbii ki, haqlı olaraq həmin torpaqlar geri alınmalıdır. Bu, sülh yolu ilə olarsa daha yaxşı olar.

- Bakı bir Şərq ölkəsi olan Azərbaycanın paytaxtı kimi sizdə hansı təəssürat doğurub? Paytaxtımız haqda fikirləriniz bizim üçün maraqlıdır?

- Əgər biz Asiya və Avropanı müqayisə etsək, hal-hazırda Asiya Avropadan daha çox inkişaf etməkdədir. Son 10 ildə Avropa ölkələrində iqtisadi durğunluq müşahidə olunmaqdadır. Bakı da digər Asiya şəhərləri kimi öz simasını sürətlə dəyişməkdədir. Bu şəhər Xəzərin mirvarisidir. Bakı çox tarixi şəhərdir, həm də çox gözəl paytaxtdır. Bakı avropasayağı Şərq şəhəridir. Həm də Qərbə yaxın şəhərdir. Bakı həm Avropa, həm də Asiyada yerləşir. Hər iki materikin sərhədində yerləşdiyi üçün Xəzərin sahilində olan ən gözəl şəhərdir. Başqa sözlə desək, Bakı Asiyanın Tokiosudur. Amma, eyni zamanda Çinin Honk-Konqudur. Həm də Bakı, İndoneziyanın Cakartasıdır.

- Bakıdan başqa Azərbaycanın hansı şəhərlərində, rayonlarında olmusunuz?

- Qəbələ, Şəki, Qusarda "Şahdağ"da olmuşam. Bakı ətrafı əraziləri də gəzmişəm. Qobustanda, Abşeron yarımadasının müxtəlif ərazilərində olmuşam. Gəzib gördüyüm mənzərələr onu göstərir ki, Azərbaycan tarixi məkandır.

- İndoneziyalı turistlərin Azərbaycana marağı hansı səviyyədədir?

- Bu il ərzində, təxminən, 500 indoneziyalı Azərbaycana səfər edib. Bu, bizim indoneziyalı turistlərə Azərbaycan haqda məlumatlar verməyimizdən sonra baş tutub. Cənab prezident İlham Əliyevlə görüşümüz zamanı da qeyd etmişdi ki, indoneziyalı turistləri Azərbaycana dəvət edim. Prezidentin bu tapşırıqlarını yerinə yetirirəm. Amma bir şərtim də var, mənim. İstərdim ki, İndoneziya və Azərbaycan arasında birbaşa hava yolu nəqliyyatı olsun. Məsələn, hal-hazırda Türkiyə ilə İndoneziya arasında hava yolu əlaqələri birbaşadır. Hal-hazırda İstanbuldan Cakartaya, Cakartadan İstanbula uçuşlar həyata keçirlir. Amma Bakıya gəlmək üçün gərək Bakıdan tranzit yolu ilə ya Dohaya, ya da İstanbula gələk. Bu səbəbdən bilet qiyməti baha başa gəlir. Bundan başqa, hər gün 2000 indoneziyalı Səudiyyə Ərəbistanına, ümrə ziyarətinə gedir. Bu, bir ildə 7 milyon nəfər deməkdir. Mən istərdim ki, ümrə ziyarətinə gedən turistlər geri dönərkən yollarını Bakıdan salsınlar.

- Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında İndoneziya xalqı nə qədər məlumatlıdır?

- Azərbaycan şairi və filosofu Şeyx Yəhya Əl-Bakuvinin əsərləri İndoneziyada çox oxunur. Bakuvinin yazdığı 30 kitabdan biri - "Ətvarül-qəlb" İndoneziyada çox məhşurdur. Azərbaycanın başqa görkəmli şəxsləri də vardır ki, İndoneziyada çox yaxşı tanınır. Məsələn, Nizami Gəncəvini qeyd etmək olar. İndoneziya xalqı Nizami Gəncəvini daha çox "Leyli və Məcnun" əsərinə görə tanıyır. Mənim səfir kimi əsas vəzifəm həm də ondan ibarətdir ki, Azərbaycanı İndoneziyada, İndoneziyanı da Azərbaycanda tanıtdırım. Mən bilirəm ki, Azərbaycan xalqı ədəbiyyat və mədəniyyəti çox sevir. Azərbaycan muğamı dünyada məhşurdur. İndoneziyanın da zəngin mədəniyyəti və ədəbiyyatı var. Bizdə hər bir bölgənin öz xarakterik musiqisi var. Buna görə, mən də incəsənəti çox sevirəm. Eyni zamanda idmanla da məşğul olmuşam. İndoneziyada olarkən üzgüçülük idmanında uğurlarım da olub. Musiqi alətlərində də ifa edə bilirəm, rəsim çəkirəm, şeir yazıram. Hazırda şeir kitabım Azərbaycan dilinə tərcümə olunub və yaxın günlərdə çap olunacaq. Həyatımız rəngarəng olmalıdır. İncəsənət bizi xoşbəxt edirsə, demək bizim həyatımız da xoşbəxt olacaq.

- Cənab səfir, şərəfli işinizdə sizə və dost İndoneziya xalqına uğurlar arzulayırıq.

Allahverdi AYDIN, İlkin Əmirov

Oxundu 1403

© 2017 - NSPSOLUTIONS