"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams "Qranada"nın sükanı arxasında futbol üzrə İspaniya La Liqasında debüt edib. XXXII turun "Selta" ilə ev oyunu Adamsın komandasının böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 0:3. İlk yarıda Sançes Jozabedin qoluna (dəq. 23) əngəl ola bilməyən "Qranada" növbəti qollarını ikinci hissənin sonlarında 4 dəqiqə ərzində buraxıb. Həmin topların müəllifləri Marselo Dias (dəq. 73) və Klaudio Bovue (dəq. 76) olub. Bundan başqa meydan sahiblərinin ilk yarının sonlarında 3, ikinci hissənin axırlarında isə 2 oyunçusu sarı vərəqə alıb.
Bu məğlubiyyətdən sonra "Qranada" 20 xalla 19-cu pillədə qalıb. Bu komandanı sona 6 tur qalmış La Liqadan enməməyə imkan verən 17-ci pillədən 7 xal ayırır.
Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Real Madrid" başçılıq edir. "Barselona" 72 xalla 2-ci, "Atletiko" 65 xalla 3-cüdür.report