Robotlar insanlardan daha "ağıllı” olacaqlar​

XX tura yekun vuruldu: “Qarabağ” uduzdu

Ərdoğan qadın jurnalistin siqaretini alaraq tullayıb - FOTOLAR

çərşənbə axşamı, 28 fevral 2017

Menu

çərşənbə axşamı, 28 fevral 2017

HƏMSÖHBƏT

Azərbaycanda uşaq ədəbiyyatı xəzinəsi - yaxından tanıyaq

28.11.2016 13:17

F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M. Qorki adına kütləvi kitabxananın fondu əsasında təşkil olunub. 1967-ci ildən uşaq ədəbiyyatımızın inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidunbəy Köçərlinin adını daşıyır. Hazırda kitabxananın 9 şöbəsi, 5 bölməsi, 2 oxu zalı fəaliyyət göstərir. Yasamal, Binəqədi rayonlarında, Yeni Günəşlidə filialları var. Bugünlərdə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla xanım Qəmbərova ilə görüşüb ona bir neçə sualla müraciət etdik.

- Şəhla xanım, gənclər ən çox müasir yazarların kitablarına müraciət edirlər. Bəs uşaqlar?

- Bildiyiniz kimi, hazırda orta məktəb dərsliklərində N. Gəncəvi, M. Füzuli, S. S. Axundov, A. Şaiq, M. Ə. Sabir, A. Səhhət kimi klassik yazıçı və şairlərimizin yaradıcılıqlarına, əsərlərinə də yer verilir. Bu mənada uşaqların bu kimi ədəbiyyat xadimlərinin kitablarına müraciəti qaçılmazdır. Buna rəğmən, uşaqlar arasında müasir yazarlara müraciət edənlər də az deyil. Onlar dünya ədəbiyyatından seçmələr seriyasından olan kitabları da oxuyurlar. Zənnimcə, uşaqlar özündə güclü ideya-estetik və mənəvi yük daşıyan uşaq ədəbiyyatından faydalanmasalar, intellektual baxımdan natamam qalar, başqa xalqların gənc nəsilləri ilə ayaqlaş abilməzlər.

- Klassik yazıçı və şairlərimizin əsərlərinin nəşri ilə bağlı hansı problemlərlə üzləşirsiniz?

- Məsələn, CəfərCabbarlının "Dilarə" hekayəsi, S. S. Axundovun "Qorxulu nağıllar" və s. rus bölməsində məktəb proqramına daxil edilib. Amma bir vaxtlar nəşr olunmuş həmin kitablar sonradan istifadəyə yararsız hala düşdüyü üçün kitabxana fondlarından silinib. Elə bu səbəbdən həmin kitablara uşaq kitabxanalarının heç birində rast gəlmək mümkün deyil. Əgər həmin kitablar təkrar nəşr olunsa idi, bu gün belə bir problem yaşanmazdı. Bu məqsədlə də Kitab Klubu ilə birgə "Məktəb proqramına kömək" layihəsini işlədik. Layihə cərcivəsində kitablar nəşr olundu və artıq oxucuların istifadəsinə verilib. Bundan başqa, kitabxanamızın "Qızıl fond"unda elə kitablar var ki, onların bir əsr yaşı var. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birgə həyata keçirdiyimiz "Bərpanəşr" layihəsi çərçivəsində oxucuların tələbatını nəzərə alaraq - 50 kitab yenidən redaktə olundu. Onlardan 17 kitab ilk nəşrin kitab göstəriciləri saxlanılmaqla cap olunub. Cap olunmuş ədəbiyyatlar artıq bütün uşaq kitabxanalarına göndərilib. Hazırda bu istiqamətdə işimizi davam etdiririk.

- Şəhla xanım, müasir uşaqları daha çox hansı mövzularda olan əsərlər cəlb edir?

- Müşahidələrimə əsasən deyə bilərəm ki, uşaqlar elmi kütləvi əsərlərlə yanaşı, elmi idraki, təbiətlə bağlı əsərləri, bir də fantastik janr nümunələrini daha çox sevirlər. Nağıllarımıza da maraq böyükdür. O ki qaldı konkret yazarlara. Uşaqlar İlyas Tapdıq, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Aygün Bünyatzadə, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Gülzar İbrahimovanın kitablarına daha çox maraq göstərirlər. Yeri gəlmişkən, onu da deyim ki, bu gün uşaq ədəbiyyatı ilə məşğul olan yazıçı və şairlərimizin sayı çox azdır. Hətta mən deyərdim ki, onların sayı barmaqla sayılası qədərdir. Məlumat üçün deyim ki, bizim kitabxanamız 2012-ci ildən beynəlxalq bir təşkilatın - Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür, həmin təşkilatla sıx əlaqə saxlayırıq. Əsas məqsədlərimizdən biri də Azərbaycanın çağdaş uşaq yazıçılarının, rəssamlarının və tərcüməçilərinin əsərlərini dünyanın uşaqlarına çatdırmaqdır. Bu şuranın "Kiçik Nobel" mükafatı deyilən Andersen qızıl medalına - mükafatına iki ildən bir dünyanın ən sayılıb-seçilən uşaq yazarları, tərcüməçi və illüstrasiyaçılarıı layiq görülürlər. Biz indiyədək ora Qəşəm İsabəylinin və Sevinc Nuruqızının (şuraya yalnız həyatda olanların əsərləri təqdim olunur) əsərlərini təqdim etmişik. Qəşəm müəllimin kitabı şuranın Fəxri siyahısına, Sevinc Nuruqızının "Ağca və Cubbulu" və "Aysu və Ay" kitabları isə nominantlar siyahısına daxil edilib. Belə bir nüfuzlu mükafatın nominantı olmaq, təbii ki, hər bir yazıçısı üçün olduqca əhəmiyyətlidir. Biz bu addımla artıq uşaq kitabı dünyasına ilk imzamızı da atmış olduq.

"Xüsusi proqramla latın qrafikasına çevirib redaktə edilir"

- Şəhla xanım, indi hamı kitaba marağın azalmasından gileylənir. Bu barədə siz nə deyə bilərsiniz?

- Məncə, bu ifadə kitabxananı, kitabı sevməyənlərin uydurmasından başqa bir şey deyil. Konkret suala gəldikdə isə bizim kitabxanaya üz tutanların sayı çoxdur. Hər günu demirəm, bir bazar günü bizim kitabxanaya gəlin. Baxın, görün bizə nə qədər uşaq gəlir. Təbii ki, bu məsələdə hər bazar günü keçirilən "Nağıl saatı" da mühüm rol oynayır. Yəni bizim bütün işçilərimiz müxtəlif vasitələrdən istifadə etməklə, uşaqlarda kitaba maraq oyatmağa çalışırlar. Yəni demək istəyirəm ki, uşaqlarda kitaba, mütaliyə maraq oyatmağı da bacarmaq lazımdır. Etiraf edək ki, son illər uşaqlarda müasir texnologiyaya maraq artıb. İndi adi telefonla kiçik uşaqları ovutmağa çalışırlar.

- Elə uşaq var ki, onun mütaliəyə həvəsi yoxdur?

- Yaxşı yadıma saldınız. Yeri gəlmişkən, bizdə bazar günləri həm də "Psixologiya saatları" keçirilir. Burada, bir qayda olaraq, kitaba meyli olmayan, oxu həvəsi olmayanlara təlimlər keçirilir. 2015-ci ildən kitabxanada gözdən zəif və görmə qabiliyyəti məhdud uşaqlar üçün yaranmış informasiya mərkəzində uşaqlar təkcə kompyuterdə "danışan kitablar"dan deyil, brayl əlifbası ilə çap olunmuş kitablardan da istifadə edirlər. Həmçinin, xidmət şöbəsi leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün xüsusi proqramlar hazırlayıb, onlarla fərdi məşğul olurlar.

- Təxminən nə qədər oxucunuz var?

- Hər il 25 min nəfər oxucu bizə müraciət edir. Virtual kitabxanamız da var ki, ora müraciət edənlərin sayı 28 min nəfərdən çoxdur.

- Kitabxanalarda kirill əlifbası ilə olan kitablara tələbat varmı? Bəs bu problem necə həllini tapıb?

- Kitabxanamızın kitab fondu 300 minə yaxındır. Respublikanın baş uşaq kitabxanası, uşaq ədəbiyyatının dövlət kitab saxlayıcısı və uşaq kitabxanalarının elmi-metodik və uşaq ədəbiyyatı üzrə tövsiyə biblioqrafik fəaliyyətin mərkəzi olan F. Köçərli adına Respublika Uşaq Kitabxanası öz oxucularının informasiyaya olan tələbatının ödənilməsində bir sıra mühüm işləri həyata keçirir. Kitabxanamız əsasən uşaq və yeniyetmə oxuculara xidmət etdiyi üçün öz profilinə uyğun olaraq tövsiyə göstəricilərini tərtib edir. Kirill əlifbası ilə olan kitablar fondumuzda saxlanılmaqla yanaşı, oxucu tələbatına uyğun olanlar xüsusi proqramla latın qrafikasına çevirib redaktə edilir, saytımızda yerləşdirilir.

"Səfir uşaqlıq illərində mütaliə etdiyi kitablarını kitabxanaya bağışlayıb..."

- Təbii ki, kitabxanaya müxtəlif mənbələrdən kitablar daxil olur. Kitabxana ilə tanış olarkən işçilərinizdən biri ölkəmizdə fəaliyyət göstərən səfirlərin də bura baş çəkdiklərini söylədi.

- Bizim kitabxanamızda 30 dövlətin öz dilində uşaq ədəbiyyatı nümunələri var. Belə ki, 2009-cu ildə Uşaq İlində "Dünya uşaq ədəbiyyatı inciləri" adlı beynəlxalq kitab sərgisi keçirdik. Azərbaycanda fəaliyyət göstərən 20-dən çox səfirlik bu sərgidə uşaq ədəbiyyatı ilə iştirak etdi. Sərgidən sonra isə onlar öz kitablarını kitabxanaya bağışladılr. İtaliyanın ölkəmizdə səfiri olmuş Mario Baldi isə sərgiyə öz uşaqlıq illərində mütaliə etdiyi kitabları təqdim etdi, sonra isə kitabxanaya bağışladı. Bu günlərdə isə İsveç Krallığının müvəqqəti işlər vəkili cənab Tomas Danestad kitabxanamızı ziyarət edib, Azərbaycan dilinə tərcümə olunmuş 9 adda İsveç uşaq ədəbiyyatını kitabxanamıza ərmağan edib.

- Gələn il hansı layihə ilə oxucularınızı sevindirmək niyyətindəsiniz?

- Biz mütəxəssislərin iştirakı ilə azsaylı xalqların nağılları əsasında kitablar hazırlamaq niyyətindəyik. Artıq bu tədbirlər planına salınıb, gələn ildən nəşrlərinə başlanılacaq. Onu da deyim ki, həmin kitablardakı nağıllar həm 11 etnik qrupun (avar, ləzgi, xınalıq və sairə) öz dillərində, həm də Azərbaycan dilində veriləcək. Biz həmçinin türkdilli xalqların nağıllarını da nəşr etməyi düşünürük.

- Bəs yaradıçığa meyilli uşaqlarla işləriniz hansı səviyyədədir?

- Kitabxanamızda fərdi sərgilər, müsabiqələr, yarışmalar keçiririk. Bu kimi tədbirlərdə fərqlənən uşaqların əsərlərini isə təsisçisi olduğum "Göy qurşağı" uşaq jurnalında dərc edirik. Onu da deyim ki, jurnalın redaktoru şeir və hekayələri ilə balaca oxucuların sevimlisi olan Sevinc Nuruqızıdır. Ancaq jurnalın saylarının hazırlanmasında yalnız redaksiya heyəti deyil, əksər əməkdaşlarımız yaxından iştirak etməyə çalışır, yazılar və təkliflər verirlər.

- Şəhla xanım, son illər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və kollektivinizin fədakarlığı ilə həyata keçirdiyiniz "Uşaq kitab karvanı" layihəsi barədə də danışmağınızı istərdik.

- "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nda oxucuların inforamasiya tələbatının ödənilməsi ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisini - "Uşaq kitab karvanı" layihəsini uğurla həyata keçirib. Belə ki, 2011-ci ildən həyata keçirilən "Uşaq kitab karvanı" layihəsi çərçivəsində artıq 22 rayona kitab karvanı yola düşüb, 17270 nüsxə kitab hədiyyə edilib. Sevinirik ki, "Uşaq kitab karvanı" layihəsinə tanınmış uşaq ədəbiyyatı nümayəndələri, rayon mədəniyyət və turizm şöbələrinin əməkdaşları da layiqincə dəstək verirlər. Layihə çərçivəsində rayonlarda təşkil edilən səyyar kitab sərgiləri, həqiqətən, həmin bölgənin mədəni həyatında yaddaqalan iz buraxır.

- Gələn il kitabxananıza F. Köçərlinin adının verilməsinin 50 ili tamam olacaq. Bununla bağlı hansısa tədbirin keçirilməsi nəzərdə tutulub?

- Əlbəttə. Ümumiyyətlə, kitabxanamızda hər ilin mart ayında Köçərli həftəsi təşkil olunur. 2013-cü ildə kitabxanamız onun "Balalara hədiyyə" kitabını Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə dördüncü nəşrini həyata keçirib. "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyası adı altında "F. Köçərli. Biblioqrafiya" kitabını çap etdirmişik. Həmçinin, İ. Tapdıq A. Şaiq, A. Səhhət və XX əsrə qədər Azərbaycan Uşaq ədəbiyyatı biblioqrafiyası adlı kitablar da çap olunub. Kitabxanamıza Firidun bəy Köçərlinin adının verilməsinin 50 illik tarixinin qeyd olunmasıda nəzərdə tutulub. Unutmayın ki, bura onun adını daşıyan yeganə məkandır.

- Şəhla xanım sabahın uşaq kitabxanasını necə təsəvvür edir?

- Bir az həyətyanı sahəsi, açıq havada yay oxu zalları, teatr və sərgi salonu, əyləncə mərkəzləri olan bir məkan kimi...

Qvami Məhəbbətoğlu

Oxundu: 230

© 2017 - NSPSOLUTIONS