Hafiz Nəsiroğlunu rəssamlığa kim sövq edib?

30 ildən çoxdur ki, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Hafiz Nəsiroğlu dünyaya karirkatura aləminin pəncərəsindən baxır. Və öz baxışlarını rəsmlərə çevirərək həm sənətsevərləri güldürür, həm də düşündürür. Azərbaycan karikatura məktəbinin ən gözəl və qüdrətli davamçısılarından olan Hafiz Nəsiroğlunun əsərlərində tanınmış rəssam Əzim Əzimzadə ənənələri qorunur və yaşadılır. Əldə etdiyimiz məlumata görə, Hafiz müəllimin bu sahəyə gəlişinin də qəribə bir tarixçəsi var.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin sözlərinə görə, bu gün tanınmış karikatura ustalarından olan "Kirpi" satirik jurnalının baş redaktoru Hafiz Nəsiroğlu bu sahədə çalışanların əksəriyyəti kimi nə məşhur "Əzimzadə məktəbi"ni, nə də ali təhsil ocağını bitirməyib. Vaxtilə Çəmbərəkənddə yaşayan Hafizin rəssamlığa gəlişində dahi fırça ustası Əzim Əzimzadənin rəssam oğlu Həbibin xeyir-duası əsas rol oynayıb. Çəmbərəkənddə Həbib Əzimzadə ilə qonşu olan Hafiz onun oğlu Əzim ilə dostluq edirmiş. Bir gün evlərinə qayıdan Həbib müəllim yeni tililməkdə olan binanın divarında kömürlə çəkilmiş karikaturalar görür. Axşam şam yeməyi zamanı oğlundan həmin rəsmləri divara kimin çəkdiyini soruşur. Oğlu da həmin uşağın qonşuları Hafiz olduğunu söyləyir. Onda Hafiz 14-15 yaşlarında olub. Həbib müəllim oğlundan Hafizi onlara gətirməyi tapşırır. Ertəsi günü balaca rəssamı Həbib müəllim elə evlərində imtahana çəkir. Hafizdəki istedadı görən Həbib ona Ə. Əzimzadə adına məktəbə daxil olmağı tövsiyə edir. Amma iş elə gətirir ki, az sonra Həbib müəllim dünyasını dəyişir. Hafiz də professional təhsil almaqdan daha çox ailəsinin qayğısını çəkməli, çörək pulu qazanmalı olur. Orta təhsili peşə məktəbində alan Hafiz sonralar Azərbaycan televiziyasında çalışarkən yenə də xeyirxah adamların nəzərindən qaçmır və o, təhsillə bağlı növbəti tövsiyələrdən boyun qaçırmır. Amma yaşının bir az çoxaldığını nəzərə alıb Ə. Əzimzadə adına məktəbə yox, Nərimanovdakı 34 saylı peşə məktəbinə üz tutur və burada tərtibatçı-rəssam ixtisasına yiyələnir".

Rəssamla əlaqə saxlayıb, bu faktla bağlı ona suallar ünvanlamağa çalışdıq. Hafiz müəllim onu rəssamlıq sənətinə yönəldən Həbib müəllimi dərin hörmətlə yad etdi. Lakin o yas mərasimində olduğuna görə, digər suallarla onu narahat etmədik. Qeyd edək ki, bu gün Hafiz müəllimin qardaşının üçü idi. Rəssama bu itki ilə bağlı saytımız adından başsağlığı veririk. Allah rəhmət eləsin.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top