Şotlandiya, Uels və Şimali İrlandiyaya yeni səlahiyyətlər veriləcək

“Brexit” nəticəsində Şotlandiya, Uels və Şimali İrlandiya hakimiyyətləri əlavə səlahiyyətlər alacaqlar, Avropa İttifaqı (Aİ) ilə danışıqlarda onların fikirləri nəzərə alınacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey deyib. Onun sözlərinə görə, Avropadan alınan səlahiyyətlərin hansılarının Vestminsterdə qalacağı, hansılarının isə muxtar regionlara veriləcəyi barədə məsləhətləşmələr aparılacaq: “Hazırda muxtar regionların qəbul etdiyi heç bir qərar onların əlindən alınmayacaq. Hökumət Şotlandiya, Uels və Şimali İrlandiya hakimiyyətlərinin proses nəticəsində səlahiyyətlərinin xeyli artacağını aşkarlamalarını gözləyir”.

Qeyd edək ki, T. Mey martın 29-da Böyük Britaniyanın Aİ-dən çıxması prosesini rəsmən işə salaraq Aİ Şurasının prezidenti Donald Tusla müvafiq bildiriş məktubu göndərib. Lissabon müqaviləsinin 50-ci maddəsində razılaşdırılmış qaydalara əsasən, Aİ-dən çıxmaq istəyən dövlət bunu rəsmi bildirişi göndərdikdən düz 2 iki il sonra etməlidir. Bununla da Böyük Britaniya Aİ-ni 29 mart 2019-cu il tarixində tərk etməlidir. Şotlandiya və Şimali İrlandiya 23 iyun 2016-cı il tarixində keçirilmiş referendumda “Brexit”in əleyhinə, İngiltərə və Uels isə lehinə səs veriblər.

DİGƏR XƏBƏRLƏR

Top