Bu dəfə telejurnalistlərdən saytlara sərt ittihamlar: "Özünüz biabırçı vəziyyətdəsiniz"

"Azərbaycanda qəribə tendensiya yaranıb. Televiziyadan başı çıxan da, çıxmayan da iş-gücünü atır, televiziyalardan səhv tutmağa çalışır, amma saytların çoxunun bərbad gündə olduğunu, xüsusilə də kriminal xəbərlərin çatdırlmasının biabırçı vəziyyətdə olduğunu heç kəs görmür". "Yeniavaz.com" xəbər verir ki, bu ittihamları tanınmış jurnalist, "Space" telekanalının əməkdaşı Azadə Balayeva irəli sürüb.

Azadə Balayeva bildirib ki, saytlarda çalışan jurnalistlər ağızdan-ağıza yayılan şayiələri xəbər deyə cəmiyyətə təqdim edirlər: "Bu boyda dəhşətli cinayət baş verib (Sabirabadda törədilmiş qətli nəzərdə tutur-red), az qala qatil qaldı bir tərəfdə ana günahkar çıxır. Nə dəqiq mənbə var, nə qarşı tərəf var, yeganə mənbə "istintaq araşdırmasına görə"dir. Axı bu hadisə dünən olubsa, istintaq araşdırması necə başa çata bilər?! Qadın guya ərinə uşağın başqa kişidən olduğunu söyləyib, "qeyrətli ata" da vəhşicəsinə günahsız körpəni öldürüb. Bu məlumat nə dərəcədə dəqiqdir?".

Tanınmış jurnalist saytların qarşı tərəfin mövqeyini işıqlandırmamalarını qeyri-peşəkarlıq adlandırıb: "İttiham olunan qadının mövqeyi hanı? İttihamı dəqiqləşdirmədən əsl qatil kənarda qala-qala bir ananı necə hədəf göstərə bilirsiniz, ey hörmətli saytlar? Ən azından qatilin tərcümeyi-halının özü onun haqqında müsbət bir şey demir. Adam ailənin nə olduğunu dərk etmədiyi bir yaşda, 19 yaşda evləndirilib (1990-cı il təvəllüdlüdür, uşağın da 7 yaşı olub. İndi 27 yaşı varsa, demək 19 yaşda evlənməli idi ki, bir il sonra uşağı olsun), evlilikdən bir müddət sonra həbsxanaya düşüb, yanvarda azadlığa çıxıb və həmin vaxtdan evlərində ancaq dava-dalaş olub. Yenə qeyd edim ki, bu məlumatı verən şəxsin də adı açıqlanmır. Doğrumu, yalanmı olduğuna zəmanət verəcək bir bəndə yoxdur ortada (müxbirdən başqa)".

A. Balayeva qeyd edib ki, saytlarda ailə-məişət zəminində baş verən bütün cinayətlər təqribən bu şəkildə təqdim olunur: "Uzağı, cinayəti törədən tərəf açıqlama verir, öldürülən qadını "əxlaqsız" çıxarır, qatil də olur namus müdafiəçisi, qəhrəman. Bir müddət əvvəl Bakının rayonlarından birində 16 yaşlı oğlanın anasını qətlə yetirməsi də eynilə bu cür təqdim olunmuşdu. Yalnız qayınatanın müsahibəsi yayımlanır, qayınata qadını əxlaqsızlıqda günahlandırır, 3 yetkin uşağın anasının gənc bir oğlanla sevgi yaşadığını iddia edir. Bütün saytlar da xəbəri eyni şəkildə yaymış, qarşı tərəfdən bir nəfərin möveyini belə öyrənməyə ehtiyac duymamışdılar. Nəticədə qatil bir tərəfdə qaldı, hamı ölürülən qadını hədəf aldı, sosial şəbəkələrdə bu qadının ünvanına deyilməyən qalmadı. Bir neçə gün sonra nəhayət qadının valideynləri, qardaşı, iki övladı saytlara özləri müraciət edərək həqiqəti açıqladılar. Məlum oldu ki, qatil ər əslində alkoqolikin biri imiş və qadını hər gün döyüb əziyyət verirmiş. Nəhayət, ayrılmağa qərar veriblərmiş. Məhkəməyə bir gün qalmış isə beyni qızğın, yaşının keçid dövrünü yaşayan oğulun beynini yuyaraq onu ana qatili ediblər. Bu necə xəbər təqdimatıdır, bu necə jurnalistikadır?! Baxırsan, saytların rəhbərləri professional, ağıllı-başlı adamlardır, amma xəbərlərə baxırsan adam qeyri-peşəkarlığın səviyyəsinə heyrət edir. Mən ümumiyyətlə kriminal, zorakılıq xəbərlərinin, xüsusilə də intihar xəbərlərinin yayılmasının qəti əleyhinəyəm, cəmiyyətdə cinayət virusunu elə bu xəbərlər yayır. Yeri gəlmişkən, bir faktı xarırladım ki, mənim bir qohumum dəhşətli bir yolla intihar edib. O vaxt övladları valideynlərini məhz televiziyadakı kriminal verilişin öldürdüyünü deyərək ağlayırdılar. Məhz o cür xəbərlərə baxıb beyninə intiharı salmışdı). Yox, reytinq xatirinə bunu edirsinizsə, heç olmasa çalışın xəbəriniz dəqiq, obyektiv olsun".

Tanınmış telejurnalist İrada İsak isə həmkarının bu fikrinə belə münasibət bildirib: "Mən heç bir sayt oxumuram. Bəzilərinə baxanda qızdırmam qalxır".

DİGƏR XƏBƏRLƏR

Top