“Qazprom” İstanbulda filial açıb

Rusiyanın “Qazprom” şirkəti İstanbulda “South Stream Transport B. V” filialını açıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, filialın açılmasında məqsəd Türkiyədə “Türk axını” qaz kəməri layihəsi üzrə işlərin koordinasiyası və layihənin reallaşdırılmasıdır. “Qazprom”un İdarə heyətinin sədri Aleksey Miller bildirib ki, bununla da qaz kəmərinin dəniz hissəsinin salınmasına başlanılması üçün bütün şərait yaradılıb: “Bu ilin ikinci yarısında qaz kəmərinin dənizdən keçən hissəsini salınmasına başlayacağıq və “Türk axını”nın iki xəttinin tikintisini isə 2019-cu ilin sonunadək tamamlamağı planlaşdırırıq”.

Xatırladaq ki, “Türk axını” layihəsi qaz kəmərinin Qara dəniz vasitəsilə Türkiyənin Avropa hissəsinədək və ardınca Yunanıstan sərhədinədək tikintisini nəzərdə tutur. Boru kəmərinin dəniz hissəsinin uzunluğu təqribən 910 kilometr, Türkiyə ərazisi üzrə quru hissəsinin uzunluğu isə 180 kilometr təşkil edəcək. Qaz kəmərinin birinci xətti Türkiyə bazarı, ikinci xətti isə Cənub və Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün nəzərdə tutulub. Hər bir xəttin gücü ildə 15,75 milyard kubmetr qazdır. Layihənin ümumi dəyəri 11,4 milyard avro qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top