"Azərbaycanda müəllimlər, həkimlər ailələrindəki zorakılıq haqqında danışmırlar"

Xəbər verdiyimiz kimi, bu gün Lənkəran rayonunun Səpnəkəran kəndində qətl hadisəsi törədilib. Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri Rüfət Əliyev tərəfindən ailə münaqişəsi zəminində bel sapı ilə çoxsaylı zərbələr nəticəsində öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb. Öldürülən qadının iki övladı var. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hadisəyə münasibət bildirib. Mehriban Zeynalova qeyd edib ki, əslində müəllimlərin ailədə zorakılığa məruz qalması faktları həmişə olub: "Son ildə ikinci faktdır ki gündəmə gəlir. Təbii ki, müəllimlər öz nüfuzuna görə ailədə baş verən zorakılıq haqqında heç vaxt danışmırlar. Yəni tək müəllimlər yox, həkimlər və digər dövlət işində çalışan qadınlarımız. Məni narahat edən başqa məsələdir. Söhbət ondan gedir ki, fiziki, psixoloji, iqtisadi zorakılıq altında əzilən müəllim kiməsə ümid vermək və ya stimullaşdırmaq gücündə ola bilməz. Onların əhvalı, aqressiyası verbal və ya sözlə uşaqlara ötürülür. Belə müəlllimlər psixoloqdan məsləhət almağa da qorxurlar. "Ailə sirri" aşkarlanarsa, onlar valideyn və şagridlərin qarşısında nüfuzdan düşəcəklərini zənn edirlər. Ona görə də belə problemlər yaranır".

DİGƏR XƏBƏRLƏR

Top